Topaz Premier Liqasının XX turu bu gün üç oyunla başa çatacaq

14.03.2018 13:43     Sport reaksiya     1407

Bu gün keçiriləcək üç oyunla Topaz Premyer Liqasının XX turuna yekun vurulacaq.

Reaksiya.az xəbər verir ki, günün ilk matçı saat 17:00-da Zirə İdman Kompleksində başlayacaq. “Zirə” komandası “Səbail” klubunu qəbul edəcək. Baş məşqçi Ayxan Abbasovun yetirmələri 3 xal qazanacaqları təqdirdə turnir cədvəlində ikinci yerdə qərarlaşan “Qəbələ” ilə xal fərqini dördə endirəcək. Bu oyunda istənilən nəticə “Səbail” klubunun altıncı pilədəki mövqeyinə təsir etməyəcək. Qarşılaşmada ədaləti təmin etmək Orxan Məmmədova həvalə olunub.

Digər görüşdə isə “Neftçi” klubu “Bakcell Arena”da lider “Qarabağ”ı qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.

Turun sonuncu oyunu isə “Sumqayıt” və “Kəpəz” klubları arasında keçiriləcək. Saat 20:00-da “Kapital Bank Arena”da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək

Qeyd edək ki, turun ilk görüşündə - “Keşlə”-“Qəbələ” oyununda heç-heçə qeydə alınıb – 1:1.

Hazırda turnir cədvəlinə 48 xalla “Qarabağ” klubu başçılıq edir. İkinci pillədə 39 xalla “Qəbələ” qərarlaşıb. İlk üçlüyü tamamlayan “Zirə”nin aktivində isə 32 xal var. Digər yerlərdə “Sumqayıt” (31 xal), “Neftçi” (26 xal), “Səbail” (17 xal), “Keşlə” (16 xal), “Kəpəz” (10 xal) komandaları qərarlaşıblar.

Şərhlər