“Pxençan-2018”: Qazaxıstan və Polşa ilk medallarını qazanıblar
15.03.2018 12:20 Sport reaksiya 1351
Martın 14-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının altıncı günündə 12 dəst medalın sahibləri müəyyənləşib. Qazaxıstan kişilər arasında 1,5 kilometr məsafəyə oturaq vəziyyətdə, Polşa isə kişilərin oturaq vəziyyətdə böyük slalom yarışlarında “Pxençan-2018”də ilk medallarını qazanıblar. Reaksiya.az xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi və sərbəst xizəkçilik yarışlarında medallar uğrunda yarışıblar. Oyunların altıncı günündə dağ xizəkçiliyinin böyük slalom növü üzrə yarışlar keçirilib. Görmə qabiliyyəti zəif olan qadınların yarışında Slovakiya idmançısı Henrieta Farkasova 2 dəqiqə 23 saniyə nəticə ilə dördqat Paralimpiya çempionu olub. Böyük Britaniya təmsilçisi Menna Fitzpatrik gümüş, avstraliyalı Melissa Pettine isə bürünc medal qazanıblar. Qadınlar arasında ayaqüstə yarışlarda fransalı Marie Boçet 2 dəqiqə 22 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Andrea Rothfuss və Kanada xizəkçisi Mollie Jepsen ilk üçlüyü tamamlayıblar. Oturaq vəziyyətdə qadınların mübarizəsində yaponiyalı Momoka Muraoka 2 dəqiqə 26 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niderland təmsilçisi Linda Van İmpelen yarışı ikinci, avstriyalı Klaudiya Loeş isə üçüncü pillədə başa vurub. Görmə qabiliyyəti zəif kişilərin mübarizəsində İtaliya idmançısı Qiakomo Bertaqnolli 2 dəqiqə 10 saniyə nəticə ilə birinci pillədə yer alıb. Slovakiyalı Yakub Krako ikinci, Kanada atleti Mak Markuks isə üçüncü olublar. Kişilər arasında ayaqüstə yarışlarda İsveçrə xizəkçisi Teo Qmur 2 dəqiqə 12 saniyəlik nəticə ilə “Pxençan-2018”in qızıl medalını əldə edib. Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Aleksey Buqaev gümüş, Kanada idmançısı Aleksis Quimond bürünc medal qazanıblar. Kişilərin oturaq vəziyyətdə yarışlarında norveçli Jesper Pedersen 2 dəqiqə 13 saniyə ilə bütün rəqiblərini qabaqlayıb. ABŞ idmançısı Teyler Valker yarışı ikinci, polşalı İqor Sikorski isə üçüncü pillədə başa vurublar. Paralimpiyaçılar sərbəst xizəkçiliyin klassik sprint növündə mübarizə aparıblar. Kişilərin 1,1 kilometr məsafəyə oturaq vəziyyətdə yarışlarında ABŞ idmançısı Andrey Soule 3 dəqiqə 31 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü belaruslu Dmitri Loban və digər ABŞ xizəkçisi Daniel Cnossen tamamlayıblar. Kişilər arasında 1,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə qazaxıstanlı Aleksandr Koliadin 4 dəqiqə 19 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Yaponiya idmançısı Yoşihiro Nitta gümüş, eyni nəticə göstərən kanadalı Mark Arendz və finlandiyalı İlkka Tuomisto isə bürünc medala layiq görülüblər. Görmə qabiliyyəti zəif kişilərin 1,5 kilometr məsafəyə yarışlarında Kanada təmsilçisi Brayn MakKiver 4 dəqiqə saniyəlik göstərici ilə “Pxençan-2018”in qalibi olub. İsveç idmançısı Sebastiyan Modin ikinci, norveçli Erik Bay üçüncü yerdə qərarlaşıblar. Qadınların 1,1 kilometr məsafəyə oturaq vəziyyətdə yarışlarında ABŞ idmançısı Oksana Masters 4 dəqiqə 6 saniyəlik göstərici ilə qızıl medal əldə edib. Almaniyalı Andrea Eskau və Rusiya xizəkçisi Marta Zainulluna ilk üçlüyü tamamlayıblar. Qadınların 1,5 kilometr məsafəyə ayaqüstə mübarizəsində rusiyalı Anna Milenina 5 dəqiqə 11 saniyə nəticə ilə qızıl medala sahib olub. Norveçli Vilde Nilsen və Kanada idmançısı Nataliya Vilkie ilk üçlükdə yer alıblar. Görmə qabiliyyəti zəif qadınların 1,5 kilometr məsafəyə yarışlarında Belarus atleti Svetlana Saxanenko 4 dəqiqə 29 saniyə nəticə ilə birinci olub. Rusiyalı Mixalina Lisova gümüş, Ukrayna paralimpiyaçısı Oksana Sişkova bürünc medal əldə ediblər. “Ağ Paralimpiada”nın altıncı gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 8 qızıl, 7 gümüş və 6 bürünc medal var. Ümumilikdə 24 ölkədən idmançılar medalçılar arasında yer alıblar. Rusiya (6-7-4) ikinci, Slovakiya (6-2-1) üçüncü, Fransa (5-5-3) dördüncü, Ukrayna (5-4-7) isə beşinci pillədə qərarlaşıb.
Şərhlər