"İdman Gimnastikası üzrə Dünya Kuboku"nun açılış mərasimi baş tutub - FOTOLAR
16.03.2018 12:12 Sport reaksiya 1725
Martın 15-də Milli Gimnastika Arenasında "İdman Gimnastikası üzrə Dünya Kuboku"nun açılış mərasimi baş tutub. Reaksiya.az xəbər verir ki, idmançıların təsnifat mərhələsindən sonra maraqla gözlənilən açılış mərasiminə start verilib. İlk olaraq, tədbirdə açılış sözü ilə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq, bu gün ölkəmizdə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb. Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Y. Məmmədəliyev, bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb. Rəsmi hissə bitdikdən sonra izləyicilərə “Gimnastika – gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Dövlət Himnimizi səsləndirərək, bədii hissəyə giriş edib. Daha sonra 130-dan çox gənc gimnast maraqlı şou proqramlarla öz bacarıqlarını nümayiş etdiriblər. Açılış mərasiminə bu proqlamla da yekun vurulub. Qeyd edək ki, "Dünya Kuboku" 15-16 mart təsnifat mərhələləri, 17-18 mart tarixində isə final mərhələləri ilə davam edəcək.
Şərhlər