“Pxençan-2018” Qış Paralimpiya Oyunlarına yekun vurulub
18.03.2018 20:36 Sport reaksiya 1331
Martın 18-də “Pxençan-2018” Qış Paralimpiya Oyunlarına yekun vurulub. Paralimpiadanın sonuncu günündə 6 dəst medalın sahibləri müəyyənləşib. Reaksiya.az xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi, sərbəst xizəkçilik və xokkey yarışlarında medallar uğrunda yarışıblar. Atletlər dağ xizəkçiliyinin slalom növündə mübarizə aparıblar. Görmə qabiliyyəti zəif qadınların yarışlarında Böyük Britaniya təmsilçisi Menna Fitzpatrik 1 dəqiqə 51 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü Slovakiya idmançısı Henrieta Farkasova və digər britaniyalı paralimpiyaçı Milli Knayt tamamlayıblar. Qadınların ayaqüstə mübarizəsində Fransa təmsilçisi Marie Boçet 1 dəqiqə 55 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Kanadalı Milli Jepsen gümüş, Almaniya idmançısı Andrea Rotfuss bürünc medala layiq görülüblər. Oturaq vəziyyətdə qadınların yarışında almaniyalı Anna-Lena Froster 1 dəqiqə 55 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiya idmançısı Momoka Muraoka yarışı ikinci, avstriyalı Heyke Eder üçüncü pillədə başa vurublar. Sərbəst xizəkçilik yarışlarında isə 2 dəst medal sahibini tapıb. Beş kilometr məsafəyə mikst estafet yarışlarında Ukrayna komandası 24 dəqiqə 31 saniyə nəticə ilə qızıl medala sahib olub. Kanada millisi ikinci, Almaniya yığması isə üçüncü olub. Beş kilometr məsafəyə sərbəst estafet yarışlarında Fransa xizəkçiləri 22 dəqiqə 46 saniyə ilə bütün rəqiblərini qabaqlayıblar. Norveç idmançıları gümüş, Kanada paralimpiyaçıları bürünc medal qazanıblar. Paralimpiadanın xokkey yarışlarında qızıl medal uğrunda görüşdə Kanada və ABŞ yığma komandaları qarşılaşıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən ABŞ yığması “Pxençan-2018”in qalibi olub. “Ağ Paralimpiada”nın yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinci olub. Bu ölkənin hesabında 13 qızıl, 15 gümüş və 8 bürünc medal var. Ümumilikdə, 26 ölkədən idmançılar medalçılar arasında yer alıblar. Rusiya (8-10-6) ikinci, Kanada (8-4-16) üçüncü, Fransa (7-8-5) dördüncü, Almaniya (7-8-4) isə beşinci pillədə qərarlaşıb. “Pxençan-2018”də 48 ölkədən 670-dən artıq paralimpiyaçı 80 dəst medal uğrunda mübarizə aparıb. Paralimpiadada ilk dəfə Gürcüstan, Tacikistan və Koreya Xalq Demokratik Respublikası debüt edib. On ikiillik fasilədən sonra Estoniya millisi Paralimpiadaya qatılıb. Paralimpiyaçılar biatlon, dağ xizəkçiliyi, əlil arabasında kerlinq, para-snoubord, sərbəst xizəkçilik və xokkey yarışlarında güclərini sınayıblar. “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının rəmzi qara ayı – Bandabidir. Bandabi özündə güclü iradə və cəsarəti simvolizə edir.
Şərhlər