Yeddi yaşlı azərbaycanlı gimnast Mina Abbasovadan növbəti qələbə
02.04.2018 17:14 Sport reaksiya 1488
Budapeştdə bədii gimnastika üzrə VI Beynəlxalq “Bahar kuboku - 2018” turniri keçirilib. Reaksiya.az xəbər verir ki, turnirdə 17 ölkədən 43 idman klubunun heyətində 380 gimnast mübarizə aparıb. Həmyerlimiz yeddi yaşlı Mina Abbasova çoxnövçülük yarışında yalnız ukraynalı rəqibindən geri qalaraq ikinci yeri tutub. O, həmçinin alətsiz və halqa ilə hərəkətlərdə də ikinci pillədə qərarlaşıb. Beləliklə, Mina Abbasova turnirdə üç gümüş medal qazanmağa müvəffəq olub. Yarışın qalibləri “Rio-2016” Olimpiadasının və birinci Avropa Oyunlarının qalibi, yeddiqat dünya, dördqat Avropa çempionu Marqarita Mamunun və üçqat Asiya çempionu Yelizaveta Nazarenkonun ustad dərslərində iştirak hüququ qazanıblar. Beş yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışı ilə fərqlənən Mina Abbasova iki ildən çoxdur Budapeştdə fəaliyyət göstərən “Rus RG Sport” klubunda gimnastika ilə məşğul olur. O, Macarıstandan başqa, Almaniya, Serbiya, Xorvatiya, İtaliya və Sloveniyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxaraq qızıl və gümüş medallara sahib olub. Həmin yarışlarda Mina ailəsinin hazırda müvəqqəti olaraq yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu iştirak etdiyi bütün gimnastika turnirlərində Azərbaycan bayrağını dalğalandırmaqdır.
Şərhlər