Sərbəst güləş üzrə Dünya Kubokunda yarışacaq milli komandamızın heyəti açıqlanıb
04.04.2018 11:15 Sport reaksiya 1337
Aprelin 7-8-də ABŞ-ın Ayova ştatında sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Reaksiya.az xəbər verir ki, aprelin 3-də Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov yarışda iştirak edəcək sərbəst güləş üzrə milli komandamızın heyətini açıqlayıb. Bildirilib ki, heyətdə Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Eyni zamanda, yığma komandanın baş məşqçisi olan Firdovsi Umudova məşqçi qismində Zəlimxan Hüseynov ilə Arif Abdullayev də kömək edəcəklər. Yığmamız Dünya Kubokunun “B” qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A” qrupunda yarışacaq. Lakin Rusiya millisinə hələlik viza verilmədiyindən, İran isə yarışa qatılmaqdan imtina etdiyindən onları Monqolustan və Hindistan əvəzləyəcək. Şimal qonşularımızla bağlı məsələ tam yekunlaşdıqdan sonra asiyalılar dördüncü komanda kimi püşklə qruplara salınacaq. Ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004-cü və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
Şərhlər