Bu gün Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarına start veriləcək

07.04.2018 16:41     Sport reaksiya     1180

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarına start veriləcək. Reaksiya.az xəbər verir ki, turun ilk günündə iki matç oynanılacaq. “Kəpəz” komandası doğma azarkeşlər önündə “Keşlə”ni qəbul edəcək. Matçın start fiti saat 15:00-da səslənəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. Günün ikinci qarşılaşması “Səbail” və çempionatın lideri “Qarabağ” komandaları arasında keçiriləcək. “Azərsun Arena” stadionunda təşkil olunacaq oyun saat 17:30-da start götürəcək. Görüşün baş hakimi Ramil Diniyev olacaq. Turun digər matçları aprelin 8-də keçiriləcək. Həmin gün “Qəbələ” klubu paytaxt təmsilçisi “Zirə”nin qonağı olacaq. Saat 18:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rəvan Həmzəzadəyə həvalə olunub. Tura “Neftçi”-“Sumqayıt” oyunu ilə yekun vurulacaq. Saat 18:00-da başlayacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

Şərhlər