Sərbəst güləş üzrə dünya kuboku yarışlarını idarə edəcək hakimlər üçün seminar təşkil edilib
07.04.2018 16:43 Sport reaksiya 1183
ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə dünya kuboku yarışları çərçivəsində komanda nümayəndələrinin və yarışı idarə edəcək hakimlərin seminarı keçirilib. Reaksiya.az xəbər verir ki, Dünya Güləş Birliyinin (DGB) texniki nümayəndələri ABŞ Güləş Federasiyasının vitse-prezidenti Stan Dziedzic və Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, yarışın hakim-instruktorları İbrahim Cicioğlu (Türkiyə) və Zach Errettin (ABŞ) rəhbərliyi ilə keçirilən seminarda əvvəlcə güləş qaydalarına edilən son dəyişikliklər barədə məlumat verilib. Komanda nümayəndələrindən və hakimlərdən yeni qaydalara qarşı daha diqqətli olmaq və DGB-nin yarış qaydalarına riayət etmək tövsiyə edilib. Daha sonra dünya kuboku yarışının təşkilati məsələləri müzakirə edilib, komanda nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Komanda nümayəndələrinin seminarında Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov, hakimlərin seminarında isə beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib. Qeyd edək ki, dünya kuboku yarışları aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində keçiriləcək. Azərbaycan yığma komandası qrup görüşləri çərçivəsində Kuba, Qazaxıstan və Monqolustan komandaları ilə mübarizə aparacaq.
Şərhlər