Triatlonçularımız “Tokio-2020”yə vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edəcəklər

09.04.2018 13:23     Sport reaksiya     1073

Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında təşkilatın İcraiyyə Komitəsinin cari ildə ikinci iclası olub. İclasda yığma komandanın ilk qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə bu mövsüm üçün planlar müzakirə edilib. Reaksiya.az xəbər verir ki, federasiyanın prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu başladığını deyib. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç gümüş medal var. Yığma komandanın lideri Rostislav Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunda, həm də Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında fərqlənib. Kseniya Levkovskaya Misirdə gümüş medal əldə edib. Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız Olimpiya marafonuna qatılacaq. İdmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərdə iştirak edəcəklər. Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. A.Məhərrəmov deyib: “Azərbaycanın triatlon idmanı ilk dəfə Rio Olimpiadasında təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Rostislav Pevtsov Rioya lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya və Darina Moskalenko da Olimpiya vəsiqələr uğrunda mübarizə aparacaqlar”. Azərbaycanın gənclər yığması isə İspaniyada ilk təlim-məşq toplanışını keçirir. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynanın Jitomir şəhərində açıq çempionatda və başqa turnirlərdə iştirak edəcək. ATF-nin prezidenti vurğulayıb ki, komandanı çox maraqlı və gərgin mövsüm gözləyir. Gənc idmançılar nəsli yetişir. Qarşıya qoyduğu plan və vəzifələri həyata keçirən Federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük sınaqlar, o cümlədən Olimpiya təsnifat yarışları gözləyir. Bu turnirlər Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq.

Şərhlər