“Qəbələ” idman klubunun taekvondoçusu dünya çempionu olub

12.04.2018 18:14     Sport reaksiya     1277

Tunisin Hammamet şəhərində keçirilən gənclər arasında taekvondo üzrə dünya birinciliyinin üçüncü gününə yekun vurulub. Yarış Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb. Reaksiya.az xəbər verir ki, gənc idmançımız bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. Turnirdə 63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan C.Ağayev öncə Pakistan, ABŞ, Koreya Respublikası, Efiopiyadan olan rəqiblərini yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn C.Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da C.Ağayev həm dünya çempionu olub, həm də rəqibindən bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.

Şərhlər