Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına start verilib
12.04.2018 18:17 Sport reaksiya 1339
Aprelin 12-də Azərbaycanda ilk dəfə batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına start verilib. Reaksiya.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatın həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən ümumilikdə 400-dən çox atlet mübarizə aparır. Gimnastlar üçün doğma məkana çevrilmiş Milli Gimnastika Arenasında dörd gün davam edəcək çempionat dörd - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut yarışından ibarətdir. Yarışların birinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və batut gimnastikası üzrə komandalar arasında finallar keçiriləcək. Turnirin birinci günündə Azərbaycanın gənc idmançıları Riyad Abbasov və Selcan Maqsudova batut gimnastikası üzrə yarışda mübarizəyə qoşulacaqlar. Gün ərzində böyüklər arasında tamblinq yarışında Mixail Malkin öz bacarığını nümayiş etdirəcək. Avropa çempionatının əhəmiyyəti odur ki, gənc gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər. Çempionata aprelin 15-də yekun vurulacaq.
Şərhlər