Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ilk qalibləri müəyyənləşib

12.04.2018 23:10     Sport reaksiya     1312

Aprelin 12-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ilk qalibləri müəyyənləşib. Reaksiya.az xəbər verir ki, medallar yeniyetmələr arasında batut gimnastikası üzrə komanda yarışlarında sahiblərini tapıb. Oğlanların mübarizəsində Belarus millisi Avropa çempionatının qalibi olub. Böyük Britaniya yığması yarışı ikinci, Rusiya isə üçüncü pillədə başa vurub. Qızların yarışında Rusiya komandası qızıl, Belarus gümüş, Yunanıstan isə bürünc medala sahib olublar. Yarışların ilk günündə böyüklər arasında tamblinq üzrə millimizin üzvü Mixail Malkin finala, yeniyetmələrin batut gimnastikası yarışlarında Selcan Maqsudova yarımfinala yüksəliblər. Milli Gimnastika Arenasında keçirilən çempionatın həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən 400-dən çox atlet mübarizə aparır. Gimnastlar üçün doğma məkana çevrilmiş Milli Gimnastika Arenasında dörd gün davam edəcək çempionat dörd - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut yarışından ibarətdir. Avropa çempionatının əhəmiyyəti odur ki, yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər. Çempionata aprelin 15-də yekun vurulacaq.

Şərhlər