"Qarabağ" futbol klubu ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub
Topaz Premyer Liqasında XXIV tura yekun vurulub. “Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Reaksiya.az xəbər verir ki, Ağdam təmsilçisi buna XXIV turda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etməklə nail olub.
Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da "Qarabağ" mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" üçün əlçatmaz olub. Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.
Eyni saatda start götürən "Neftçi" - "Qəbələ" görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən "ağ-qaralar" xallarını 37-yə çatdırıblar və "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəliblər.
İlk oyun günündə "Keşlə" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş "Səbail" - "Kəpəz" qarşılaşmasında isə qalib müəyyənləşməyib.
Şərhlər