Topaz Premyer Liqası: “Qəbələ” UEFA Avropa Liqasına vəsiqəni təmin edib

05.05.2018 22:39     Sport reaksiya     1490

Mayın 5-də futbol üzrə Topaz Premyer Liqasının XXVI turunda növbəti oyun keçirilib. Qəbələ şəhər stadionunda eyniadlı komanda öz meydanında “Keşlə” ilə qarşılaşıb. Reaksiya.az xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən ilk hissədə hər iki komanda real qol vəziyyətləri əldə etsə də, hesabı qonaqlar açıb. Qapıçı ilə üz-üzə çıxan Slavik Alxasov şansını qaçırmayıb. Hissənin ortalarında “Qəbələ” komandası bərabərlik topunu vurub. Famussa Konedən ötürmə alan Stiven Monroz növbəti qoluna imza atıb. Fasilə ərəfəsində Dmitri Bezotosnı bir epizodda komandasını iki dəfə real qoldan xilas edib. İkinci hissədə “Keşlə”nin müdafiəçiləri bir neçə dəfə qol vəziyyətinin yaranmasının qarşısını son anda alıblar. Fasilədən sonrakı üstünlüyü qola çevirə bilməyən qəbələlilər meydanı bir xalla tərk ediblər -1:1. Beləliklə, xal hesabını 46-ya çatdıran “Qəbələ” Topaz Premyer Liqasının mükafatçıları sırasında ikinci pillədəki yerini, həmçinin ardıcıl beşinci dəfə UEFA Avropa Liqasına vəsiqəni təmin edib. Tura mayın 6-da oynanılacaq “Qarabağ”-“Neftçi” görüşü ilə yekun vurulacaq.

Şərhlər