Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub

05.06.2018 11:32     Sport reaksiya     1139

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.

Tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində dünya çempionatının iştirakçılarını salamlayan Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Azərbaycanın nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq deyib: “Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin gündən-günə çiçəklənməsinin və inkişafının bariz nümunəsidir. “Bakı-2015” ilk Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edilib. İdmanın bütün növlərinin inkişafına qayğı ilə yanaşan Azərbaycan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir. İdmançılara uğurlar və qələbə sevinci arzulayıram. Yarışı açıq elan edirəm”.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimindən sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start verilib.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizəyə qoşulub.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar