"Rusiya 2018": Fransa millisi tarixində üçüncü dəfə finala yüksəlib
10.07.2018 23:57 Sport reaksiya 1277
İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsinin oyunu keçirilib. Meydana Fransa və Belçika yığmaları çıxıblar. Reaksiya.az xəbər verir ki, “Sankt Peterburq Arena” stadionunda keçirilən görüşdə Fransa millisi Belçika yığmasını minimal hesabla məğlub edib (1:0). Mundialın favoritləri sayılan hər iki komandanın qarşılaşmasında ilk dəqiqələrdən hər iki komanda bir neçə təhlükəli hücumlar yaradıb. Buna baxmayaraq, ilk hissədə hesab açılmayıb. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə hesabı fransızlar açıb. Antuan Qrizmanın künc ötürməsini Samuel Umtiti dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Beləliklə, Fransa millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Fransızların final mərhələsindəki rəqibi iyulun 11-də keçiriləcək İngiltərə-Xorvatiya görüşündən sonra bilinəcək. Fransa millisi tarixində üçüncü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Xatırladaq ki, Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə beşqat dünya çempionu Braziliyanı millisini 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb. Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar. Qeyd edək ki, Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1958-ci və 1986-cı illərdə bu mərhələdə iştirak edib. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır. 1998-ci il dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958-ci, 1982-ci və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998-ci və 2006-cı illərdə finala vəsiqə qazana bilib. 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub. Mundialın üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Şərhlər