Rövnəq Abdullayev: "Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq"
31.08.2018 12:37 Sport reaksiya 1033
Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi".
Reaksiya.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı danışarkən deyib.
R. Abdullayev Ağdam təmsilçisinin artıq 4-cü dəfə nüfuzlu turnirin qrup mərhələsində oynamaq hüququ qazandığını vurğulayıb: "Bu tarixi nəticə, Moldovanın “Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə “Qarabağ” klubunun rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm. UEFA Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq".
Milli assosiasiyanın rəhbəri 2019-cu il mayın 29-da turnirin final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini xatırladıb: "Bu gün isə Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, “Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, “Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm”.
Şərhlər