Qurban Qurbanovdan növbəti rekord
28.09.2018 17:36 Sport reaksiya 1074
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb. Reaksiya.az Peşəkar Futbol Liqasının rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan baş məşqçi ünvanına yiyələnib. Bu rekord Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan “Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Q.Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında “Neftçi” və “Qarabağ”a rəhbərlik edən mütəxəssis baş məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib. Beşinci turun “Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Q.Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu “Qarabağ”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb. 205 qələbəyə çatan Q.Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/2007-ci il mövsümündə debüt edib. Onun ilk qələbəsi “Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri “Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1. Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu “Zirə” ilə matçda yubiley də qeyd edib. Q/Qurbanov “Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.
Şərhlər