BBC ölkəmizə qarşı qara – piara başlayıb - MÖVQE

05.06.2015 13:37     Sport reaksiya     1250

“Yeni Azərbaycan” qəzetində “BBC Azərbaycan”la ölkəmizə qarşı qaralama kompaniyası ilə bağlı məqalə dərc olunub. Dərc olunan məqalədə qeyd olunub ki, həmin məqalədə İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov və “Azadlıq” Radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın həbs olunmasına da yer ayırıb. Lakin məqalədə hər iki şəxsin həbsinin səbəbi təhrif edilib, Azərbaycanda ciddi senzura və söz azadlığının məhdudlaşdırılması görüntüsü yaradılaraq, onların guya siyasi fəaliyyətə, hökumətin bu siyasətinə etiraz etməyə görə həbs olunduqları bildirilib. Halbuki, R.Cəfərov ötən il avqustun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb. R.Cəfərovun bu əməlləri təkzibolunmaz faktlarla sübuta yetirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalist X.İsmayılovanın həbsinə gəlincə, Azərbaycanın bir sıra QHT-lərinin, habelə bəzi xarici təşkilatların Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları ilə bağlı 2014-cü il aprelin 22-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə cinayət işinə başlanılıb. Həmin iş çərçivəsində müəyyən edilib ki, qeyri-kommersiya təşkilatı olan “Azad Avropa / Azadlıq Radiosu”nun Bakı Bürosunun rəhbəri Xədicə İsmayılovanın xidməti vəzifələrinin icrası zamanı vəsaitlərin dövlət büdcəsindən yayındırılması, qanunsuz sahibkarlıqla məşğul olmaq, mənfəət vergisini ödəməkdən yayınma və digər qeyri-qanuni əməllər törətməkdə şübhələr olduğundan, o, 2015-ci il fevralın 13-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibinin vahid icraatda hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə 2015-ci il fevralın 19-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.2-ci və 125-ci maddəsi ilə olan cinayət işləri birləşdirilib. Bunun əsasında 2015-ci il fevralın 24-də Xədicə İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 125-ci maddələri ilə yenidən ittiham elan edilib, işin mürəkkəbliyi ilə əlaqədar olaraq, onun həbsdə saxlanma müddəti uzadılıb. Hazırda istintaq gedir. Göründüyü kimi, hər iki şəxs siyasi fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə və ya əməllərinə görə həbs edilib.

Həmçinin məqalədə qeyd olunub ki, söz-mətbuat azadlığı ilə bağlı məsələlərə gəlincə, bu barədə də Britaniya və Azərbaycan reallıqlarını müqayisə etmək olar: “Belə ki, bir neçə il öncə Böyük Britaniya kraliçası II Yelizaveta mətbuata nəzarətlə bağlı mexanizmi müəyyənləşdirən Xartiya imzalayıb. Həmin Xartiya o zaman böyük siyasi səs-küyə səbəb olmuşdu. Çünki bu sənəd Rupert Merdokun nəşriyyat imperiyası jurnalistlərinin tanınmış Britaniya vətəndaşlarının və hətta Kraliçanın nəvələrinin şəxsi həyatlarına müdaxilə etməsi faktlarına görə cəzalandırılması üçün tədbirləri də nəzərdə tuturdu. Bu sənəd Böyük Britaniyada KİV-lərin işlərinin nizamlanması məsələsini müəyyənləşdirir. Mətbuata və televiziyaya nəzarətin gücləndirilməsini nəzərdə tutan yeni qaydalara görə, Britaniya qəzetləri könüllü olaraq yeni tənzimləyici orqan yaradır və bu orqanlar jurnalistlərin etik normalarına nəzarət edirlər. Bu tənzimləyici orqan jurnalistika etikasını pozan qəzetləri bir milyon funt sterlinq məbləğində cərimə ilə cəzalandırmaq hüququna malikdir. Ümumən götürdükdə, Kraliçanın bu Xartiyasının əsas məqsədi jurnalistlərin fəaliyyətinə ciddi nəzarət etməkdir. Bu Xartiya artıq öz nəticəsini verir. Belə ki, KİV-lər artıq özünüidarə orqanından dövlət nəzarətindəki orqanlara çevriliblər. Bu, mətbuata ciddi nəzarət olunması, dolayısı ilə mətbuatın senzura altında fəaliyyət göstərməsi anlamına gəlir. Halbuki, Azərbaycanda senzura hələ 1998-ci ildə ləğv edilib. 2003-cü ildə isə Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan - Azərbaycan Mətbuat Şurası yaradılıb. Bu orqan bu günədək effektiv fəaliyyət göstərməkdədir.

Sadalanan faktlardan bir daha aydın olur ki, BBC əsl faktları təhrif etməklə məqsədli şəkildə anti-Azərbaycan kampaniyası aparanlara dəstək verir. Təbii ki, bu zaman BBC-nin Cənubi Qafqaz üzrə regional koordinatoru rolunda çıxış edən Rayhan Dimitrinin üzərinə xüsusi iş düşür. Qeyd edək ki, bu xanım əslən Özbəkistandandır. BBC-nin əlində alətə çevrilmiş R.Dimitri Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmçinin, azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinə tamamilə biganəliyini dəfələrlə sübut edib. 2014-cü ilin dekabrında Azərbaycana səfər edən bu xanım cəbhə xəttində yaşayan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməli olduğu halda o, nümayişkaranə olaraq yorğunluğunu bəhanə gətirərək, görüşdən imtina edib. Sonra hazırladığı reportajı Azərbaycanda insan hüquqlarına həsr edən R.Dimitri BBC-nin redaksiya siyasətinə uyğun olaraq azərbaycanlı qaçqınların problemlərindən yalnız səthi, məhdudlaşdırılmış məlumat verib. Azərbaycan Respublikasının qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyin bariz nümunəsi olaraq, bu xanım BBC-nin çəkiliş heyəti ilə birlikdə 2015-ci ilin fevral-mart aylarında Azərbaycanın işğal olunmuş ərazilərində olub. İşğal olunmuş ərazilərdə tam ilhama gələn R.Dimitri burada yaşayan ermənilərin “humanitar” problemlərindən ağızdolusu danışmağa başlayıb, “yazıq və məzlum ermənilər” imicini yaratmaq üçün dəridən-qabıqdan çıxıb.

Şərhlər