“Qarabağ”ın son şansı, rostovlu hakim və biz nə istəyirik?
28.08.2019 14:43 Sport reaksiya 1099
Sabah “Qarabağ” Şimali İrlandiyanın “Linfild” klubu ilə həlledici görüşə çıxır; Bizə üzümüzü güldürən, sevindirən, həyəcanlandıran “Qarabağ” lazımdır!
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Şimali İrlandiyanın “Linfild” klubu ilə həlledici görüşə çıxır. Avroliqanın pley-off mərhələsinin təkrar görüşü saat 20.00-da başlanacaq.
Matçın baş hakimi Rusiya Futbol Federasiyasından 35 yaşlı Sergey İvanov olacaq. Ona Roman Usaçov və Valeri Dançenko köməklik edəcək.
Rostovlu rus baş hakimin bu mövsüm ikinci Avroliqa oyunudur. Bundan əvvəl o, “Partizan”-“Malatyarspor” oyununda baş hakimlik edib. Statistik nəticələrə görə, qırmızı vərəqəyə və 11 metrlik cərimə zərbəsinə o qədər də meylli deyil. Son olaraq ötən tur Rusiya çempionatında “Ufa” və “Zenit” arasında görüşü(1:0) idarə edib.
Rusiyalı hakimin üzərində dayanmağımız səbəbsiz deyil. Əlbəttə ki, şimali irlandiyalılarla müqayisədə Bakının bir neçə yüz kilometrliyində anadan olmuş Sergey bizə “bir qapı” daha yaxındır. Bu cür mühüm oyunlarda isə hakimin qərarlarında (əlbəttə ki, həm də yanlış qərarlarından) çox şey asılıdır.
Təəssüf ki, bu mövsüm “Qarabağ” bizi bu cür hakim məsələlərinə də diqqət yetirməyə məcbur etdi. Şimali İrlandiyada 2:3 hesablı məğlubiyyət “Qarabağ”a yenə yaraşmadı. Rəqib meydanda 1 top öndə olduqdan sonra şəxsən mən oyuna əvvəlki həvəslə baxmadım, rəqib də zəif görünürdü. Amma sonra “Qarabağ” qapısından elə toplar buraxdı ki, bu cür təcrübəli kluba yaraşmadı. İngilislər başla yaxşı oynayırlar, əlbəttə ki, uca boylarının hesabına həm də... Amma o başdan da bizdə var, o boydan da... Bu cür təcrübəsiz bir klub gəlib sənin qapından iki standart vəziyyətdən top vurursa, oturub başına döymək yox, fikirləşmək lazımdır. Üçüncü topa sözüm yox, Abbasın səhvini həftəsonu baxdığımız Avropanın aparıcı çempionatlarında da gördük. O son dəqiqədəki penalti olmasaydı, Bakıda işimiz daha çətin olacaqdı. Amma yenə asan deyil və hamılıqla “Qarabağ”ın Avroliqanın qrupuna düşəcəyinə inanmaq istəyirik...
***
Heyətlə bağlı problem həm də zədəli oyunçular səbəbindən qalmaqdadır. Şimali İrlandiya ilə oyunda mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeydanın kart cəzası səbəbindən meydanda olmamaları özünü göstərdi. Bədavi Hüseynovun və Filib Ozobiçin meydana qayıtması isə vaxt alacaq. Xüsusilə Ozobiçin bəlkə qış fasiləsindən sonra oynaya biləcəyi gözlənilir. Baş məşqçi Qurban Qurbanov deyib ki, Avropa Liqasının qrupuna düşsək də, düşməsək də orta xəttə oyunçu istəyirik: “Biz transfer axtarışındayıq. Yarımmüdafiəçi istəyirik...” Ötən yazılarımızda da qeyd etmişdik ki, klubun transfer siyasətində lənglik var. Bu sezon Avroliqada çox güclü klublar var. Qrupa düşdükdən sonra yeni transfer bir az qəribə səslənir. Transferlə bağlı çətinlik aydındır.
Səbəb təkcə maliyyə deyil, həm də Azərbaycanda oynama(ma)q dərdidir. Gəlmək istəyən çox azdır, burada seleksiyaçı ilə bərabər agentlərin üzərinə iki qat iş düşür və sair... Amma necə olsa, “Qarabağ” da daha sıradan bir klub deyil axı... Bu cür məsələlərdə bizim bilmədiyimiz o qədər çətinliklər var və klubu qınamalı da deyil. Amma azarkeşi də başa düşmək lazımdır. Tez-tez uduzan “Qarabağ” bizim istədiyimiz klub deyil. Bizə üzümüzü güldürən, sevindirən, həyəcanlandıran “Qarabağ” lazımdır! Niyəsini deməyə ehtiyacmı var?
***
“Qarabağ”ın rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hili də həyəcanlıdır. Şimali İrlandiyanın “Belfast live” nəşri xəbər verir ki, baş məşqçi futbolçularını xəbərdar edib ki, Bakıdakı cavab matçında Ağdam komandası qisas hissi ilə çıxacaq.(Qol.az).
Devid Hili nəşrə müsahibəsində deyib ki, cavab görüşünün favoriti “Qarabağ”dır. “Biz matça ciddi hazırlaşacağıq. ”Qarabağ"la Bakıdakı görüş mənim məşqçilik karyeramda ən çətin oyun, qarşımda duran ən ağır vəzifə olacaq. Təsəvvür edirəm ki, stadionda 30-35 min azarkeş olacaq. Bu, həqiqətən qisas oyunu kimi bir matç olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək".
D.Hili deyib ki, cavab matçında komandasının uğur qazanmaq üçün məqsədi olacaq: “Bu isə əladır. Bilirik ki, nəyə görə oynayacağıq. Ümid edirəm, istədiyimiz nəticəni qazanacağıq. Amma ”Qarabağ"dan gözlənti çoxdur və onlar matçın favoriti olacaqlar".
Devid Hili onu da bildirib ki, Avropa Liqasının qrup mərhələsinin bir addımlığına qədər gəlməsi ilə fəxr edir: “Bilirik ki, qrupa düşmək nə qədər ağırdır. Biz 0:5, 0:6 hesabı ilə uduza da, 1:0 hesabı ilə uda da bilərik. Sadəcə, özümüzə, uğurumuza inanmalıyıq. Futbolda nələr olacağını təxmin etmək çətindir”.
“İlk matçda 3:1 hesabı ilə udsaydınız, bu gün favorit ”Linfild" olardımı" sualına Devid Hili belə cavab verib: “Yəqin ki, yox. Mən ”Qarabağ"a hər hansı təzyiq etmirəm. Siz oyuna baxdınız və gördünüz ki, rəqib necə yaxşı komandadır. Biz də həqiqətən əla oynadıq. Amma cavab görüşündə də ilk matçdakı kimi çıxış etməliyik. Bu, çox ciddi sınaq olacaq. Fasilədə, 2:1 hesabı ilə irəlidə olanda mən şokdaydım. Siz topla doğru oynayanda həmişə qol vurmaq üçün şansınız olur. Futbolçularımız mükafata layiqdirlər. Çünki onlar “Qarabağ” kimi komandanı udublar". Qeyd edək ki, “Linfild”in Şimali İrlandiya çempionatında “Uerronpoynt Taun”la nəzərdə tutulan 3-cü turun oyunu “Qarabağ”la oyuna hazırlıq səbəbindən təxirə salınıb.
“Linfild”in kapitanı Ceymi Malqryu təkrar oyunda yaxşı şanslarının olduğunu deyib: “Özümüz üçün yaxşı imkan yaratmışıq və ikinci oyunda mübarizə aparacağıq. İlk oyunda bütün imkanların bizim əleyhimizə olmasına baxmayaraq, qələbə qazandıq. Belə güclü komandanı məğlub etmək çox vacib idi. İndiki hesab cavab matçında bizə ümid yaradır”.
O, bu mövsüm komandasının avrokuboklarda əldə etdiyi nəticələrdən də danışıb: “Düşünmürəm ki, Çempionlar Liqasının birinci mərhələsində mübarizəni dayandırıb Avropa Liqasına düşən bir komandadan bu mərhələyə qədər gəlməyi kimsə gözləyərdi. Bizim arzularımızı gerçəkləşdirmək və tarix yazmaq üçün böyük imkanımız var. Builki nailiyyətlərimizlə fəxr edirik. Bu uğuru ”Qarabağ"la ikinci oyunda da təkrarlaya bilərikmi? Kim bilir. Bəlkə də..."
Reaksiya.az
Şərhlər