Məşhur İspaniya nəşri: "Ağdam Qafqazın Xirosimasıdır"

18.09.2019 13:50     Sport reaksiya     1292

İspaniyanın nüfuzlu AS nəşri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Sevilya” oyunu ilə bağlı yazı dərc edilib.
 
Məqalədə Azərbaycan çempionunun təmsil etdiyi Ağdam şəhəri Qafqazın Xirosiması kimi təqdim olunub: "Çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərinə tərk edənlər, onların övlad və nəvələri olacaq. "Qarabağ” 26 ildir ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km uzaqda keçirir. Ağdam - Qafqazın Xirosiması, ruhlar şəhəridir. İndi orada "İmarət” stadionunun xarabalıqlarını görə bilərsiniz. "Qarabağ” təsis olunduğu 1951-ci ildən bəri, qanlı Azərbaycan - Ermənistan müharibəsi komanda ilə bərabər 40 min insanı oradan çıxmağa vadar edənə qədər ev oyunlarını orada keçiriridi. Həmin şəxslərin çoxu indi paytaxtda məskunlaşıblar”.
 
Məqalədə bildirilir ki, 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra "qaçqınların klubu” olan "Qarabağ”da yüksəliş dövrü başlayıb: "Artıq komanda Azərbaycanda dominatlıq edir, ardıcıl 6 mövsümdür avrokuboklarda qrupa düşür. "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir. Onlar ötən bazar əsas rəqibləri "Neftçi”ni asanlıqla məğlub etdilər. "Qarabağ” 2017/2018 mövsümündə Ağdamdan didərgin düşərək bölgələrdə məskunalaşanların "Atletiko” və digər oyunlara gələ bilmələri üçün birbaşa avtobuslar təşkil etmişdi. Onlar üçün "Qarabağ” bir futbol komandasından çoxdur”.
 
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.(Report)
 

Şərhlər