AVRO-2020: Azərbaycan millisi ilə oyunda qələbəyə görə 50 min avro mükafat təyin olunub
11.11.2019 14:48 Sport reaksiya 1008
Slovakiya Futbol Federasiyası AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib.
“Report” xəbər verir ki, bu barədə aktuality.sk saytına müsahibəsində qurumun rəhbəri Yan Kovaçik bildirib. 57 yaşlı funksionerin sözlərinə görə, Slovakiya yığması noyabrın 16-da səfərdə Xorvatiya kollektivini məğlub edəcəyi təqdirdə, komandaya 200 min avro mükafat veriləcək.
Üç gün sonra Azərbaycan millisi ilə ev oyununun mükafatı isə 50 min avro təşkil edəcək.
Kovaçik bildirib ki, Slovakiya yığması AVRO-2020-yə vəsiqə qazanarsa, komandaya 3 milyon avrodan çox mükafat ödəniləcək: “2016-cı ildə Fransada keçirilən Avropa çempionatına vəsiqəyə görə 3 milyon avro verilmişdi. Bu dəfə daha çox olacaq”.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Şərhlər