"Futbolçularımız şöhrət xəstəliyinə tutulmayıb" - "QARABAĞ" RƏSMİSİ

13.08.2015 17:01     Sport reaksiya     2275

Mərhum jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynov tərəfindən döyülməsi faktı ətrafında müzakirələr səngimək bilmir. Bir çoxları düşünür ki, bəzi futbolçuların ictimai davranış və etik qaydalarını pozduğu üçün klub rəhbərlikləri konkret tədbirlərə start verməlidir. Mütəmadi olaraq futbolçularla müəyyən görüşlər keçirilməli, ətraflı söhbətlər aparılmalıdır.

Reaksiya.az məlum hadisədən sonra futbolçularla hansısa danışıqların aparıldığını öyrənmək üçün futbol klublarına müraciət etdi. “Qarabağ” futbol klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov  futbolçularla bu barədə konkret olaraq hər hansı görüş keçirilmədiyini bildirdi: ““Qarabağ” futbol klubu tarixində hansısa neqativ hal baş verməyib. Bu tip olaylar utancvericidir və təbii ki, heç kim bu tip olayların təkrarlanmasını istəməz. Bu baxımdan da istər “Qarabağ”, istərsə də digər klublar eyni mövqe sərgilədi. Hər kəs baş verən olaydan üzgündü. “Qarabağ” klubu baxımından bu kimi hallar yaşanmayıb və inşaallah yaşanmaz da. Klubumuzun futbolçuları yetərincə yetişkin, hərəkətlərinə nəzarət etməyi bacaran insanlardır. Futbolçularımızın şöhrət xəstəliyinə tutulması halları yaşanmayıb. Klubun strategiyası bəllidir, biz hər zaman insani prinsiplərə üstünlük veririk. Təbii ki, bəzi hallar qaçınılmazdır, hər hansı neqativ hal yaşana bilər. Heç kim də istəməz ki, belə hadisələr baş versin”.

 

Şərhlər