Cavid Hüseynov özünü günahkar saymır
14.08.2015 09:06 Sport reaksiya 2326
Futbolçu ilə bağlı apelyasiya şikayətinə bu gün baxılacaq.
Vəkil Adəm Məmmədov Bakı İstintaq Təcridxanasında müdafiə etdiyi futbolçu Cavid Hüseynovla görüşüb. Reaksiya.az xəbər verir ki, bu barədə məlumat verən vəkilin sözlərinə görə, C.Hüseynov baş vermiş hadisədən çox üzüldüyünü, Rasimin ailəsinə başsağlığı verdiyini bildirib.
“Cavid mənimlə söhbətində hadisəni törədənlərin ən ağır formada cəzalandırılmasını istədiyini dedi. O, belə bir hadisədə adının hallanmasından çox təəssüf edir və buna görə də cinayəti törətmiş şəxslərin layiqli cəza almasını istəyir. Cavid çox əsəbidir ki, hadisəni törədənlər öz hərəkətləri ilə onun da işini qəlizləşdiriblər”.
Vəkil deyib ki, Cavid baş vermiş hadisədə özünü günahkar bilmir və istintaqın həqiqəti ortaya çıxaracağına inanır.
Adəm Məmmədov bildirib ki, C.Hüseynovun barəsində seçilmiş həbs qətimkan-tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayətinə bu gün saat 14:00-da hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanada dünyasını dəyişməsi ilə bağlı Cavid Hüseynov və daha 6 nəfər həbs olunub.
Cavid Hüseynov barəsində Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
Jurnalist Rasim Əliyevi əməliyyat edən cərrah Saday Əliyev onun ölümü ilə bağlı növbəti dəfə mətbuata açıqlama verib. O bildirib ki, R.Əliyevin hansı vəziyyətdə xəstəxanaya daxil olmasından, müayinə və ona nəzarətdən xəbəri olmayıb. Həkim deyib ki, jurnalisti yalnız əməliyyat masasında görüb. Onun sözlərinə görə, döyülmə nəticəsində daxili orqanların çoxu dağılıb və öz funksiyasını itirib. Cərrah R.Əliyevin aldığı zədələri həyat üçün təhlükəli olan bədən xəsarətləri kimi xarakterizə edib.
Həkim onları sadalayıb: döş qəfəsinin zədələnməsi, çoxsaylı qabırğa sınığı, ciyərlərin, dalağın, mədəaltı vəzin dağılması. “Əməliyyatın həcmi zədənin xarakterinə uyğun olub. Təəssüf ki, xəstəni xilas etmək mümkün olmayıb” deyə, S.Əliyev qeyd edib. O, jurnalistin həkimlərin səhvi nəticəsində ölməsi barədə iddiaları təkzib edib.
Şərhlər