ABŞ-la əməkdaşlıq etməyənlər FİFA-dan qovulacaq
14.08.2015 21:25 Sport reaksiya 1987
Beynəlxalq Futbol Federasiyası (FIFA) İcraiyyə Komitəsinin üzvləri korrupsiya qalmaqalı işi ilə bağlı amerikalı hüquqşünaslarla əməkdaşlıqdan imtina edəcəkləri təqdirdə onları qurumdan kənarlaşdırma gözləyir.
Bu barədə məlumat ABŞ-ın “The Wall Street Journal” nəşrində yer alıb.
Prosesə yaxın olan iki mənbənin məlumatına görə, əməkdaşlıqdan imtina saxlanılan FIFA məmurlarına münasibətdə araşdırmanın sərtləşdirilməsi təhlükəsini də labüd edir. “Quinn Emanuel Urquhart and Sullivan” hüquq şirkəti FIFA-nın 10-dək keçmiş və fəaliyyətdə olan yüksək vəzifəli məmurunun ifadəsini almaqla və on ildən çox tarixi olan sənədləri və elektron məlumatları öyrənməklə, görünməmiş addımlar atmağı planlaşdırır.
Vəkillərin ifadə almaq üçün müraciət etməyi nəzərdə tutduqları adamlar arasında FIFA prezidenti vəzifəsinə iki namizədin – Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) başçısı Mişel Platininin və FIFA-nın fəxri vitse-prezidenti Çon Moncunun adları çəkilir. Artıq onların ikisi də araşdırma aparan orqanlara tam dəstək göstərəcəklərinə hazır olduqlarını bəyan ediblər.
ABŞ prokuroru Loretta Linç may ayında bildirib ki, daha bir neçə məmura ittiham irəli sürülə bilər. Mənbələrin məlumatına görə, FIFA istintaqla əməkdaşlıq etməklə, qurumun bu prosesdə əsas ittiham edilən tərəf olmayacağına ümid bəsləyir.
Mayın sonunda FIFA tarixində ən böyük qalmaqal yaşanıb. Qurumun korrupsiyada şübhəli bilinən yeddi yüksək vəzifəli məmuru Sürixdə saxlanılıb. Ümumən 14 sabiq və fəaliyyətdə olan futbol məmuruna ittihamlar irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onlar 24 il ərzində təqribən 150 milyon məbləğində rüşvət alıblar.
Yozef Blatter mayın 29-da FIFA-nın konqresində növbəti müddətə qurumun başçısı seçilib. Amma korrupsiya qalmaqalları fonunda dörd gün sonra istefaya getdiyini elan edib. FIFA-nın İcraiyyə Komitəsi iyulun 20-də qərara alıb ki, qurumun yeni prezidentinin seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.
Şərhlər