Biz “Kəpəz”in azarkeş mədəniyyətini hamıya bir daha göstərməliyik - KLUBUN İCRAÇI DİREKTORU
15.08.2015 18:23 Sport reaksiya 2381
“Gəncə futbol şəhəridir. Burda insanlar futbolu çox sevirlər, ona görə kimisə futbola səsləmək lazım deyil, hamı eşidib, bilib oyuna gələcək”. Bu sözləri Reaksiya.az “Kəpəz”Peşəkar Futbol Klubunun icraçı direktoru Mehman Allahverdiyev deyib. Gəncə təmsilçisinin çempionatda “Zirə”yə qarşı keçirəcəyi ilk ev oyunu haqda danışarkən deyib: “Avqustun 16-ı Gəncə sanki böyük bir bayramı qeyd edəcək. Artıq indidən şəhərimizdə bayram ab-havası hiss olunmaqdadır. Hamı səbrsizliklə qarşıdakı oyunu gözləyir”.
Komandanın icraçı direktoru həmçinin azarkeşlərə də müraciət edərək, pirotexniki vasitələrdən uzaq durmağa çağırıb: “Azarkeşlərə bütün dəstəyə görə təşəkkürümü bildirirəm. Onlardan xahişimiz odur ki, stadionda oyun vaxtı əlavə şeylər etməsinlər, yandırıcı maddələrdən uzaq olsunlar. Klubun cərimələnməsinə, cəzalanmasına səbəb ola biləcək hərəkətlər etmək lazım deyil. Düzdü, fanatlarımız komandanı çılğıncasına dəstəkləyirlər və onları başa düşürük. Amma bir şeyə əgər qadağa varsa, gərək olmaya. Biz “Kəpəz”in azarkeş mədəniyyətini hamıya bir daha göstərməliyik. İnanırıq ki, komandamız ilk ev oyununda həm də ilk qələbəsini qazanacaq. Hamı stadiona “Kəpəz”in qələbəsinə şahidlik etmək üçün gələcək. Futbolçularımıza, məşqçilər korpusuna uğurlar arzulayıram”.
Şərhlər