Güləşçilərimiz dünya çempionatında tarix yazdılar
17.08.2015 10:16 Sport reaksiya 1938
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) Reaksiya.az-a verilən məlumata görə, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.
Sərbəst güləş yarışlarında ilk gün yığmamızın üzvlərindən Nurməhəmməd Hacıyev (96 kq) qızıl, Arif Hüseynov (50 kq) bürünc medal qazanıb.
Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 3 qızıl medalla başa vurub.
55 kq-da mübarizə aparan Mahir Əmiraslanov Yaponiya, Rusiya və İrandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda güləşçimiz Hindistanlı rəqibinə də heç bir şans verməyib və Dünya çempionatının qızıl medalına sahib olub.
66 kq-da yarışan Teymur Məmmədov da finala qədər maneəsiz irəliləyib. İspaniya, Türkiyə və ABŞ idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz finalda Yaponiya təmsilçisi ilə qarşılaşıb. Bu görüşü də qələbə ilə başa vuran Teymur Dünya çempionatının qızıl medalına yiyələnib.
120 kq çəkidə mübarizə aparan təmsilçimiz Səid Həmidov da finala qədər inamlı təsir bağışlayıb. Meksika, Polşa və ABŞ-dan olan rəqiblərinə qalib gələn güləşçimiz finala yüksəlib. Finalda İran idmançısı ilə keçirdiyi görüşdə də aşkar üstünlüklə qalib gələn Səid Həmidov Dünya çempionatının qızıl medalını qazanıb.
Beləliklə, sərbəst güləşçilərimiz Dünya çempionatını, ümumilikdə, 4 qızıl və 1 bürünc medalla başa vurub. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalların sayına görə isə, sərbəst güləş yığmamız bütün komandaları qabaqlayaraq yeni bir tarix yazıb.
Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq) və 1 bürünc (Ruhin Mikayılov (66 kq) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.
Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq) və 1 bürünc (Elis Manolova (67 kq) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.
Şərhlər