Bu gün Cavid Hüseynovun apellyasiya şikayətinə baxılacaq

18.08.2015 08:59     Sport reaksiya     2036

Jurnalistin ölümünə görə tutulan futbolçu ev dustaqlığına buraxılmasını istəyir

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov avqustun 17-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 18-də futbolçu haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək.

 
Qeyd edək ki, avqustun 14-də Bakı Apelyasiya Məhkəməsi Cavid Hüseynovun şikayətini qəbul etməmişdi.
 
Hüquqşünas Müzəffər Baxış musavat.com-a açıqlamasında Cavid Hüseynovun ev dustaqlığına buraxılmasının mümkün olduğunu dedi.
 
Onun fikrincə, Cavid Hüseynovla bağlı qərar verilərkən onun idmançı olması, ictimaiyyət tərəfindən tanınması da nəzərə alına bilər. M.Baxışın sözlərinə görə, Cavid Hüseynovun hadisənin törədilməsində nə qədər günahının olması müəyyən edildikdən sonra ona qarşı yeni maddələrlə ittiham irəli sürülməsə, futbolçu ev dustaqlığına buraxıla bilər.
 
M.Baxış deyir ki, Cavid Hüseynova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 307.1, 307.2 maddələri az ağır cinayətlər kateqoriyasına aiddir: “Cavid Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Cinayət Məcəlləsində heç bir problem mövcud deyil. Hər bir halda bu, məhkəmənin qərarından asılı olacaq. İstintaqın gedişatında əlavə dəyişiklik olmasa, məhkəmə ev dustaqlığı ilə bağlı qərar verə bilər”.
 
Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə dair xəbərə münasibət bildirən Rasim Əliyevin atası Məmmədəli Əliyev müsavat.com-a açıqlamasında futbolçunun şikayətinin təmin ediləcəyinə inanmadığını bildirdi. M.Əliyev oğlunun qatillərinin prezidentin nəzarəti altında həbs edildiyini və layiqli cəzalarını çəkmədən azadlığa buraxılmayacaqlarına inandıqlarını dedi.
 
Xatırladaq ki, avqustun 8-də Rasim Əliyev Bayıl qəsəbəsində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
 
Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. 
 
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
 
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
 
Xatırladaq ki, Cavid Hüseynovla yanaşı, jurnalisti döyən 5 nəfər də həbs edilib. Onlardan biri C.Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. 

 

Şərhlər