"Bu insidentin Cavid Hüseynov olayı ilə əlaqəsi yoxdur" - EKSPERT

18.08.2015 12:01     Sport reaksiya     2745

Xəbər verildiyi kimi, futbol üzrə Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən son “İnter”- “Neftçi” oyunundan sonra stadionda qalmaqal yaşanıb.

Reaksiya.az  xəbər verir ki, azarkeşlərə dəstəklərinə görə minnətdarlıq etmək istəyən “Neftçi”nin oyunçuları ilə məğlubiyyətdən narazı qalan fanatları arasında insident baş verib. İnsident polisin müdaxiləsindən sonra yatırlıb.

Xatırladaq ki, bu hadisə futbolda oyunçularla azarkeşlər arasında yaşanan ilk qalmaqal deyil. Dünyanın futbol meydançalarında yaşanan olaylar getdikcə bizdə də təkrarlanır.

Düzdür, futbol klublarımızın göstərdiyi oyunlar keyfiyyət baxımından populyar komandaların oyunlarına bənzəməsə də, qalmaqal baxımından heç də onlardan geri qalmır.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Reaksiya.az-a açıqlamasında dünənki oyunda baş verən hadisəyə aydınlıq gətirib: “Həmin oyunda azarkeşlər komandalarının oyunlarından razı qalmadıqları üçün bu hadisə baş verib. Biz PFL olaraq hər bir oyunu izləyirik və dünənki oyunu da izləmişik. Orda heç kimə sərt fiziki güc tətbiq edilməyib. Fanatlar ancaq öz fikirlərini bildiriblər”.

Ramin Musayev əlavə edib ki, futbolçu Cavid Hüseynovun məşhur olayı ilə dünənki oyunda baş verən insidenti qəti şəkildə əlaqələndirmək olmaz: “Məlum hadisə ilə baş vermiş insidentin heç bir oxşarlığı və ya əlaqəsi birmənalı şəkildə mümkünsüzdür. Bu, sırf azarkeşlə futbolçu arasında olan istəkdən, ümiddən irəli gəlir. Azarkeş komandasının gücünü və daha yaxşı nəticə əldə etmə qabiliyyətində olduğunu bildiyi üçün etiraz edir. “Daha güclü oynaya biləcəyiniz halda niyə zəif oyun sərgilədiniz” deyir. Bunu normal qəbul etmək lazımdır”.

PFL-in prezidenti bu tip olayların baş vermə səbəblərindən də danışıb: “Azarkeşlərin bu münasibətini təbii qarşılamaq lazımdır. Fanatlar kamandalarının məğlubiyyətini həzm edə bilmədiklərindən bu tip olaylar baş verir. Sözsüz ki, bütün dünyada bu belədir. Ən sakit azarkeşlərin Azərbaycanda olduğunu deyəndə bəzən məni düzgün anlamırlar. Uzağa getmədən, ən yaxın qonşumuz olan Türkiyədə canlı oyunları izləyənlərdən soruşsaq, görərik ki, doğrudan da bizim azarkeşləri çox-çox mədəni və müsbət qiymətləndirmək olar”.

Şərhlər