Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq - FOTOLAR
06.06.2015 19:58 Sport reaksiya 1809
Bakı 2015 alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı bu gün Qobustan Milli Parkı olub.
Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsindən Reaksiya.Az-a verilən məlumata görə, Qobustan Milli Parkında arxeoloji muzeyin qarşısından estafetin paytaxtdan kənar son mərhələsi başlanıb. 1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» müsabiqəsinin qalibi, tarix fənni üzrə olimpiadanın qalibi, Heydər Əliyev-92 inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb.
Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.
Bakı 2015-in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.
Qeyd olunub ki, Bakı 2015-in məşəli paytaxta üz tutmağa hazırdır. Sabah alov paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – Birinci Avropa Oyunlarının tarixi açılış anı başlayana qədər paytaxtın gəzməli-görməli yerləri ilə tanış olacaq.
Mərasim Bakı 2015-ə həsr olunmuş bədii proqramla davam etdirilib.
Şərhlər