Daha bir fransalı tennisçi yarışlardan uzaqlaşdırıldı
06.02.2024 10:45 Sport reaksiya 148
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) rəsmi saytında fransalı tennisçi Maksens Brovilin yeddi il müddətinə diskvalifikasiya edildiyini açıqlayıb.
İdmançı 2017 və 2018-ci illərdə danışılmış oyunlarla bağlı ittihamlarla üzləşib. Brovil bütün ittihamları rədd edib və ITIA-nın istintaqı ilə əməkdaşlıq etməkdən boyun qaçırıb. Tennisçi yoxlama üçün şəxsi cihazlarını təqdim etməyib. Diskvalifikasiyadan əlavə, Brovil 5 min dollar məbləğində cərimə olunub.
Fransız idmançının diskvalifikasiya müddəti 2023-cü il iyunun 20-dən başlayır və 2030-cu il iyunun 19-da başa çatır. Bu müddətdə fransıza ITIA üzv təşkilatların tennis tədbirlərində oynamaq, məşq etmək və ya iştirak etmək qadağandır.
Xatırladaq ki, ötən yay daha bir fransalı tennisçi Aleksis Musialek oyunların təşkilinə görə ömürlük tennisdən uzaqlaşdırılıb.
Şərhlər