Azərbaycan komandasının məşqçisi: “Ölkəmizdə hokkeyə maraq getdikcə artır”

12.02.2024 19:45     Sport reaksiya     136

Ölkəmizdə hokkeyə maraq getdikcə artır. Reaksiya.az xəbər verir ki, bunu yeni yaradılan buzüstü hokkey komandasının məşqçisi Zaur Məmmədəliyev jurnalistlərə açıqlamasında deyib. Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki buz meydançasında baş tutan məşq zamanı fikirlərini bölüşən mütəxəssis hokkeyin ölkəmizdə əvvəllər də mövcud olduğunu bildirib: “1990-cı ildə hokkey komandası yaradılsa da, sonradan fəaliyyətini dayandırmışdı. Məqsədimiz bu idman növünü Azərbaycanda inkişaf etdirmək, uğurlu nəticələr qazanmaqdır. 2-3 uşaqla başlamışdıq, artıq 20-dən çox hokkeyçimiz var”. Z.Məmmədəliyev beynəlxalq yarışlara qatılmaq üçün zamana ehtiyac olduğunu söyləyib: “Təxminən 5 ildən sonra beynəlxalq turnirlərdə çıxış edə bilərik. Çünki yeni idman növü sürətlə inkişaf edə bilməz. Uşaqları məşq etdirmək lazımdır”. Komandanın baş məşqçisi Aleksandr Blinov isə hokkeyçilərin səviyyəsindən razılıq bildirib: “Yarım il ərzində çox irəliləyişə nail olmuşuq. 2-3 nəfərlə başlamışdıq, indi kifayət qədər hokkeyçimiz var. Düzdür, onlar fərqli yaş qruplarında və kateqoriyalardadırlar. Uşaqlar bura böyük maraqla gəlirlər, məşq onlar üçün sanki bayramdır. Bütün işlər yüksək səviyyədə görülür”. Reaksiya.az

Şərhlər