Almaniyada ukraynalı basketbolçunun qətli ilə bağlı 3 nəfər həbs edilib
16.02.2024 19:30 Sport reaksiya 181
Almaniya polisi Oberhauzen şəhərində ukraynalı basketbolçu Vladimir Yermakovun qətli ilə bağlı aparılan istintaq çərçivəsində üç yeniyetməni həbs edib.
Reaksiya.az xəbər verir ki, bu barədə cümə günü, fevralın 16-da “Spiegel” məlumat yayıb.
Jurnalın məlumatına görə, şübhəlilər arasında Herndan olan 14 yaşlı oğlan və Qalsenkirxendən olan 14 və 15 yaşlı iki məktəbli var. Onların hamısı ilə bağlı araşdırma aparılır.
Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında yazır ki, əsas şübhəli ukraynalı basketbolçunun qətlindən bir gün sonra saxlanılan 15 yaşlı almandır. İstintaq hesab edir ki, məhz o, Yermakova bıçaqla xəsarətlər yetirib və bu, ölümcül zərbələr olub.
Alman jurnalı onu da aydınlaşdırır ki, cinayətin motivləri hələ müəyyən edilir. Hüquq-mühafizə orqanlarında bunun ksenofobiya zəminində törədilə biləcəyinə dair konkret sübutlar yoxdur.
Ukraynalı 17 yaşlı basketbolçu Yermakov fevralın 12-də Düsseldorf regionunda yerləşən Oberhauzen şəhərində qətlə yetirilib. Ukrayna mətbuatı xəbər verir ki, növbəti matç ərəfəsində gənc həmkarı Artyom Kozaçenko ilə birlikdə idman ayaqqabısı almağa gedib və orada ərəb ölkələrindən birindən olan miqrantların hücumuna məruz qalıb.
“Bild” qəzeti xəbər verir ki, avtobusda idmançılarla bir qrup tələbə arasında münaqişə başlayıb və Yermakov əsas şübhəli olan 15 yaşlı alman-türk əsilli məktəbli tərəfindən bıçaqlanıb. Onunla eyni zamanda bıçaq xəsarəti alan Kozaçenko isə hazırda reanimasiyadadır.
Şərhlər