Qurban Qurbanov tarixi zəfəri şərh etdi

23.02.2024 09:00     Sport reaksiya     132

Ürəyimdə çox söz var. Bu insanların sevincinə çox sevinirəm. Hər birinə çox təşəkkür edirəm! Həqiqətən bu gün futbolçular böyük xarakter göstərdilər.

Reaksiya.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Braqa" üzərində tarixi zəfəri şərh edərkən deyib.

"Son vaxtlar müharibə dövründə Ali Baş Komandan Prezident İlham Əliyevin güclü çıxışları var idi. Başda Prezident olmaqla bütün qalib xalqımı təbrik edirəm. Futbolçulara da təşəkkür edirəm ki, əsl azərbaycanlı kimi vuruşdular", - Q.Qurbanov bildirib.

“Futbolçularıma, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi, birliyimizi görəndə çox sevinirəm. Xalqımı çox sevirəm. Onların həmişə xoş gününü görmək istəyirəm. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Bizim etdiyimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil. Onlar elə miras qoyublar ki. Amma bu gün sanki döyüş var idi meydanda. Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra“Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”, - Q.Qurbanov qeyd edib.

O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib: “İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfər oyunundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi”.

Baş məşqçi Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına da toxunub:

“Belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək məncə, artıq ola bilər. Birdən-birə komandanı ruhdan sala bilər. Amma bunların hamısının bizə faydası var. Futbolçu dözümlü, hər bir problemə hazır olmalıdır. Azlıqda da ola bilərsən. Amma dözümlülük, iradə mühümdür”.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə Avropa Liqasının növbəti mərhələsinə - 1/8 finala yüksəlib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar