Qurban Qurbanov millidən "yola salınanda"...
16.03.2024 19:45 Sport reaksiya 188
Taleyüklü AFFA konfransının keçirilməsinə həftələr qalıb. Yeni federasiya rəhbəliyi, İcraiyyə Komitəsi formalaşacaq. Çox məsuliyyətli dönəmdir, Azərbaycan futbolunun yaxın gələcəyi, milli-ideoloji, strateji olaraq 10-15 ilik fəaliyyət dövrü həll ediləcək. Bu sırada milli komandaya baş məşqçi seçimi, təyinatı da mühüm əhəmiyyət kəsb edəcək.
Reaksiya.az xəbər verir ki, bu sözləri Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov bildirib.
“Futbol ictimaiyyətinin münasibəti birmənalıdır, yerli məşqçilərə üstünlük verilməlidir. Perspektivi görünən məşqçilərimiz yetişməkdədir. Hazırda isə, Qurban Qurbanovun alternativi yoxdur. Bir dəfə yığmada çalışıb. Məlum hadisələrdən sonra, ola bilər düşüncələri fərqlidir. Ölkə futbolunun inkişafı naminə isə çox vacibdir.
Avropadakı uğurlardan sonra Qurban Qurbanova xarici klublardan, hətta yığma komandalardan təkliflərin gəlməsi, çoxalması müşahidə ediləcək. Olmaması mümkün deyil. Təbii, seçim hüququ baş məşqçinin özünə və mqaviləsi davam edən klubuna məxsusdur”, - Süleymanov bildirib.
O qeyd edib ki, burada ən önəmli məqamlardan biri, "Qarabağ"ın ziyan çəkməməsidir:
“Vaxtilə Qurban Qurbanov millidən "yola salınanda" klub amili məqsədli, məkrli olaraq önə çəkilmişdi. Futbol baxımından müəyyən nüanslar olsa da, maneələr yaradılmasa, indiki ölkə futbolunun durumunu nəzərə alaraq, vahid komanda şəklində çalışılacağı halda, ortaq məxrəcə gəlinməsi mümkündür...
Milli komanda Azərbaycan futbolunun önəmli parçasıdır. Futbola ancaq kompleks yanaşılacağı təqdirdə, ümumi futbolun inkişafı düşünüləcəyi, işlək sistem, mexanizm yaradılacağı halda istənilən effekti verə bilər. Bu sistemin yaradılması fonunda, əsas söz sahiblərindən biri, özünü təsdiq etmiş Qurban Qurbanovun olması vacibdir. Azərbaycan futbolu ancaq düşünən beyinlərin, milli-mənəvi dəyərlərə önəm verən bacarıqlı insanların sayəsində istədiyi, layiq olduğu zirvələrə ucala bilər!”.
Şərhlər