Bəhlul Mustafazadə: Bu, mənim səlahiyyətimdə olan məsələ deyil

23.03.2024 15:45     Sport reaksiya     142

Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan yığması üzərində 1:0 hesablı qələbə qazanıb. Reaksiya.az xəbər verir ki, görüşdə vurulan yeganə qolun müəllifi olan Bəhlul Mustafazadə qarşılaşma ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb. O, qələbənin çətinliklə qazanılmasının səbəbini açıqlayıb: “Çoxsaylı şanslarımız oldu. Düşünürəm ki, yaxaladığımız epizodları daha tez qola çevirməliydik. Lakin yalnız sonda fərqlənə bildik. İstənilən halda qələbə qazanmaq xoşdur. Bizim üçün yaxşı sınaq oldu. Bəzən belə oyunlar komandaya əlavə güc verir. Yaxaladığımız epizodları daha yaxşı dəyərləndirməliydik. Bu halda daha çox qol vura bilərdik. Bəzən alınır, bəzən isə alınmır. Bu gün də rəqib müdafiəsini çox gec yara bildik”. 27 yaşlı müdafiəçi növbəti matçda da qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Bolqarıstanla görüşdə də meydana yalnız qələbə üçün çıxacağıq. Həm də çalışacağıq ki, yaxşı oyun göstərək. Bugünkü qələbənin ardını gətirmək istəyirik”. “Sizcə, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?” sualını Mustafazadə belə cavablandırıb: “Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Baş məşqçi kim olsa, biz futbolçular eyni qaydada çalışmağa davam edəcəyik”. Reaksiya.az

Şərhlər