"Sabah"ın baş məşqçisi: Avropa komandalarından geri qalmırdıq

03.04.2024 16:16     Sport reaksiya     187

Komandamız Avropanın bu turnirdəki təmsilçilərindən geri qalmırdı.

Bunu "Report"a açıqlamasında İtaliyanın Ravenna şəhərində keçirilmiş "Ravenna Cup" beynəlxalq turnirində beşinci yeri tutan "Sabah" klubunun U-13 komandasının baş məşqçisi Nasir Nəsirli deyib.

Mütəxəssis yarışda 35 kollektivin iştirak etdiyini xatırladıb: "Səviyyəli turnir idi. Tanınmış klubların təmsilçiləri də mübarizə aparırdı. "Yuventus", "Sampdoriya" və "Fiorentina"nı nümunə göstərə bilərəm. Yaxşı və layiqli mübarizə apardığımızı düşünürəm. Pley-off mərhələsində İtaliyanın "Monteserra" kollektivi ilə görüşümüz qolsuz başa çatdı. Təəssüflər olsun ki, penaltilər seriyasında uduzduq. Bu turnir uşaqlar üçün böyük təcrübə oldu. Nəticə elə də önəmli deyildi. Oyunçularımızın təcrübə toplaması bizim üçün kifayətdir".

Nəsirli pley-offda məğlub olduqları rəqibin nəticəyə oynadığını vurğulayıb: "Görüş bizim üstünlüyümüzlə keçmişdi. Onlar yarımfinalda və finalda da penaltilər seriyasında qalib gələrək çempion olublar. Pley-offda onlardan çox üstün idik. Ələ düşən imkanlardan yararlana bilmədik. Bu da günə 3-4 oyun olması ilə bağlı idi. Yorğunluq hiss edildi".

Baş məşqçi uşaqların meydanda rahat olmasının vacibliyini diqqətə çatdırıb: "Onlara daim dəstək olmalı, yuxarı pillələrə daşımağı bacarmalıyıq. Uşaqlarda özünəinam olmalıdır. Oyunda sərbəstlik vacibdir, topla sərbəst oynamalıdırlar. Bundan əlavə, matçlarda "topu irəli vur" deməməliyik. Uşaqlara özünəinam aşılamaq lazımdır. Rəhbərliyə təşəkkür edirəm. Hər il turnirlərə gedirik. Daha əvvəl Gürcüstanda, Türkiyədə çempion olmuşduq. İtaliyada beşinci yer uğurlu nəticədir. Ölkəmizi layiqli təmsil etdik".

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar