“Qəbələ”dən erkən qol - YENİLƏNİR

27.08.2015 23:26     Sport reaksiya     2460

Bu gün UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırmalıdı.

Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən “qırmızı-qaralar” ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Daha bir tarix yazmaq üçün isə sonuncu addımı da atıb qrup mərhələsinə düşmək lazımdı.

Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşma olacaq.

Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq.

İndiyədək avrokuboklardakı səfər qələbəsi qazanmayan “Qəbələ” Afinada gerçəkləşdirəcəyi 5-ci cəhddə ilki rəsmiləşdirə bilər. Düzdü, Qriqprçuk əsas heyətin iki üzvü Ürfan Abbasov və Rafael Santosun da xidmətindən məhrumdu.

Lakin cari mövsümdə qəbələlilər avrokuboklardakı cavab oyunlarının hamısında quru qələbə qazanıb. İlk qarşılaşmalarda qalib gələ bilməyən təmsilçimiz cütün taleyini ikinci matçda həll edib.

Şərhlər