"Oyundan sonrakı həyəcanımız soyumayıb" - "Qəbələ"nin sözçüsü
28.08.2015 14:17 Sport reaksiya 2855
Xəbər verildiyi kimi, dünən Azərbaycan futbol tarixində bir ilkə imza atıldı. Eyni gündə iki futbol komandamız bir-birinin ardınca Avropa Liqasının qrup mərhələsinə adladı.
“Qarabağ” futbol klubu Tofiq Bəhramov adına stadionda İsveçrənin “Young boys” komandasını 3:0 hesabı ilə yendi, “Qəbələ” futbol klubu isə Yunanıstanda “Panatinaikos” klubu ilə 2:2 hesablı bərabərliyə nail oldu.
"Qəbələ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandanın qələbədən sonrakı duyğularını Reaksiya.az-la bölüşüb: “Təyyarəmiz səhər saatlarında Qəbələyə endi, indi Bakıya qayıdırıq. Hələ ki, oyundan sonrakı həyəcanımız soyumayıb. Hissərimizin sözlə ifadəsi mümkün deyil. Azərbaycan futbol tarixində bir yenilik də o oldu ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq və bildiyiniz kimi biz ən alt, yəni birinci mərhələdən oyuna başlamışdıq. Dörd mərhələni də uğurla keçərək nəticə əldə edə bildik. Bu klub üçün, Azərbaycan futbolu üçün böyük nailiyyətdir”.
Klub rəsmisi heç-heçə və qələbəyə görə UEFA-nın komandaya ödəyəcəyi məbləğlə də aydınlıq gətirib: “Düzünü deyim ki, hələ bu barədə heç bir məlumatım yoxdur. Bu şəffaf şəkildə həyata keçirilən bir prosesdir. Bütün komandalara standart məbləğdə pul ayrılır, məbləğ bəlli olanda yəqin ki, ictimaiyyətə açıqlanacaq”.
Anar Hacıyev komandanın hazırda həbsdə olan oyunçusu Cavid Hüseynov haqqında da danışıb: “Cavid komandamızın önəmli futbolçularından idi, Cavidin komandada olmaması "Qəbələ" üçün böyük itkidir”.
Komandanın sözçüsü sonda “Qarabağ” klubunu da təbrik edib: “Qarabağ” son illərdə Azərbaycan futbolunda parlayan bir ulduzdur. Dünən də dünya futbolunda Azərbaycan adına böyük qələbəyə imza atdı. Düzdür, istərdik ki, “Qarabağ” bizi Çempionlar Liqasının qrupunda təmsil etsin. Ancaq təəssüf ki, bu alınmadı, ancaq yenə də ən azından qrup mərhələsində mübarizə aparacaq. Həmkarım, dostum Nurlan İbrahimov da daxil olmaqla bütün komandanı, futbol azarkeşlərini təbrik edirəm. Bu məqamda komandalara ayırmaq istəmirəm, bütün bunlar Azərbaycan futbolunun qələbəsidir. “Qarabağ” da bizimdir, “Qəbələ” də bizimdir. “Qarabağ”ın təbrikindən bizə, bizim də təbrikimizdən “Qarabağ”a pay düşür. Hər ikimizi təbrik edirəm".
Şərhlər