Daha üç güləşçimiz lisenziya qazanıb

10.09.2015 05:03     Sport reaksiya     1966

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

Reaksiya.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib. 

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulub.

¼ finalda Rusiya təmsilçisi David Çakvetadze üzərində 8:0 hesabı ilə qələbə qazanan Saman Təhmasibi (85 kq) və qazaxstanlı Tatyana Amanjol-Bakatyukdan üstun olan (11:3) Mariya Stadnik (48 kq) Olimpiadaya lisenziya qazanıblar. Yarışlar davam edir.

Qeyd edək ki,  Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Şərhlər