Nazir: "Bu, ermənilərin Bakıya ilk gəlişi deyil"

11.06.2015 18:06     Sport reaksiya     2024

Azad Rəhimov Ermənistan idmançılarının dəvəti ilə bağlı qərarın necə qəbul edildiyi barədə suallara cavab verib

“Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk belə hal deyil. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, ölkəmizdə keçirilən idman yarışlarda erməni idmançılar iştirak ediblər”. 

ANS PRESS-in məlumatına görə, bunu Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov söyləyib. 

Nazir Ermənistan idmançılarının dəvət olunması ilə bağlı qərarın necə qəbul edildiyi barədə suallara cavab verərkən bildirib ki, Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir:

“Ermənistan nümayəndə heyətləri daha əvvəl ölkəmizdə mədəniyyət və digər sahələrdə keçirilən tədbirlərə qatılıblar. İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format hazırlanıb. Əvvəllər Ermənistanla danışıqlar nəticəsində qarşı tərəfdəki vəziyyət öyrənilirdi. İndi artıq buna ehtiyac yoxdur. İndi sadəcə təminat məktubu yazılır. Bu da yetərli olur ki, idmançılar yarışlarda iştirak etsin".

Prezidentin köməkçisi Əli Həsənov da I Avropa Oyunlarının Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında müsbət rol oynayacağını deyib. "Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib. Münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma ermənilət tərəfindən yerinə yetirilmir. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz".

Şərhlər