"Yalan söhbətdir, qarşıma şərt qoyulmayıb" - Samir Əliyev
11.09.2015 13:27 Sport reaksiya 2242
"Neftçi"nin baş məşqçisi Samir Əliyevin Reaksiya.az saytına eksklüziv müsahibəsi:
- Milli komandanın oyunları ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən "Neftçi" necə yararlandı? Hazırda komandada vəziyyət necədir?
- Bizim 4 futbolçumuz U-21, 5 nəfər isə əsas milli komandanın düşərgəsinə yollanmışdı. Bu müddətdə toplanışa əvəzedici komandamızın heyətindən 6 futbolçu dəvət etdik. Bir sıra yoxlama oyunlarında qüvvəmizi sınadıq. Artıq milli oyunçularımız da komandaya qoşulublar. Çempionata tam heyətlə hazırlaşırıq.
- Son zamanlar eniş yaşayan "Neftçi"nin qarşısında hansı məqsəd var?
- Məlum olduğu kimi, heyətimizə yeni futbolçular qoşulub. Braziliyadan gələn müdafiəçi Jairo Rodriges Filyo yoxlanışdadır. İspaniyalı hücumçu Anyete ilə isə artıq müqavilə imzalanıb. Çempionata hazırlıq normal gedir. Məqsədimiz isə dekabra kimi bu heyətlə oynayıb, mümkün qədər çox xal yığıb, liderlə sırasına yaxın olmaqdır. O vaxta kimi müşahidə edəcəyik görək hansı mövqeyə yeni futbolçu gərəkdir. Yanvarda ehtiyac olsa, ağsayan mövqelərə yeni oyunçu cəlb edəcəyik. Hər şey komandanın çıxışından asılıdır.
- Deyilənə görə klubun Müşahidə Şurasının iclasında sizə 5 turluq vaxt oyulub. Əgər bu 5 turda uğurlu nəticə olmasa, işdən kənarlaşdırılacaqsınız.
- Tam səmimi deyəcəm. Düzdür, iclas oldu. Ancaq 5 turluq müddət və ya başqa bir şərt qarşımıza qoyulmayıb. Yalan söhbətdir. Əksinə, rəhbərlikdən bizə dəstək olurlar, komandaya inanırlar. Bizim qarşımıza qoyulmuş tək şərt dekabra kimi liderlər qrupundan qopmamaqdır.
- Bəs alınmasa...
- Əsas odur ki, gənc futbolçularımız püxtələşəcək və gələcəkdə milli komandalara xeyirləri dəyəcək. "Neftçi" bu il çempionatın ən gənc komandalarındandır. Əsas gənclərin yetişməsidir.
- Qeyd etdiyiniz kimi bir çox futbolçularınız milliyə yollanmışdılar. Onların çıxışını necə qiymətləndirirsiniz?
- Futbolçularımız milliyə hazır şəkildə getmişdilər. Məhəmməd ilk oyunda çıxış etdi və zəif təsir bağışladı. Ruslan Qurbanov isə ikinci oyunda iştirak etdi. İstəyərdik ki, Araz Abdullayev əsas heyətdə yerini möhkəmləndirsin. Xorvatiya ilə oynamadı, ancaq Malta ilə oyunda elə də pis çıxış etmədi. O, meydana çıxdıqdan sonra təhlükəli epizodlar yaratdı. 21 yaşlılardan ibarət millimizin də oyununu izlədik. Razı da, narazı da olduğumuz məqamlar var. Millinin düşərgəsindən qayıtdıqdan sonra hər bir futbolçu ilə ayrı-ayrılıqda söhbət etdim.
- Mütəxəssis olaraq Xorvatiya kimi güclü rəqiblə oyunda heç-heçə nail olan millimizin autsayder Malta ilə oyunda 2:2 oynamasını necə dəyərləndirirsiniz?
- Xorvatiya ilə oyunda futbolçularımız çox güc sərf etdilər. Düzdür, Malta da 3 gün öncə İtaliya kimi güclü bir rəqibə qarşı oynamışdı. Fikrimcə, yorğunluq bəhanə olmamalıdır. Ən azından pis oyun göstərmədilər. İmkanlarımız çox oldu, sadəcə rəqib əlinə düşən imkanlardan maksimum yararlandı.
Şərhlər