Nurlan Novruzov sentyabrı futbolsuz keçirəcək

11.09.2015 17:38     Sport reaksiya     2020

Topaz Premyer Liqasının debütantı "Zirə"nin hücumçusu Nurlan Novruzov bu ayın sonunadək yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə Reaksiya.az-a futbolçunun özü məlumat verib.

Keçmiş klubu "Bakı" ilə  yoxlama oyununda zədələn 22 yaşlı hücumçu bildirib ki, həkimlər zədənin 2-3 həftə müddətinə sağalacağını söyləyib.

Ötən çempionatının bombardiri Novruzovun mövsüm başa çatdıqdan sonra ölkə xaricinə gedəcəyi gözlənilirdi.  Futbolçuya Türkiyə PTT liqasında çıxış edən bir neçə klubdan təklif gəlsə də, müxtəlif səbəblərdən onun transferi reallaşmadı.

Son anda "Zirə" ilə anlaşan gənc hücumçu paytaxt klubuna keçidi və komandasının çıxışı haqda fikirlərini bildirib: "Zirə"nin məşqçilər korpusu mənim oyunumu çox bəyəniblər. Bu kluba keçidimin əsas səbəbi isə, burada peşəkar səviyyədə işlərin getməsidir. "Zirə"də uğurlu karyera qurmaq üçün hər cür şərait var. Çempionatın 3 turu geridə qalıb. Sadəcə olaraq komanda oyun baxımından hələ tam uyğunlaşmayıb. Ancaq nəticələr elə də pis deyil. İnanıram ki, gələcəkdə bu komandanı iddialılar sırasında görəcəksiniz".

Qeyd edək ki, üç turdan sonra 5 xala sahib "Zirə" klubu turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda bazar günü IV tur çərçivəsində "Sumqayıt"ın qonağı olacaq.

Şərhlər