12 ildən sonra gələn 12 qol
14.09.2015 13:57 Sport reaksiya 2236
Azərbaycan çempionatının I divizionunun ilk turu qeyri-adi nəticə ilə əlamətdar olub.
Reaksiya.az xəbər verir ki, “Energetik”lə səfər oyununda 12:0 hesabı ilə qalib gələn “Neftçala”nın qələbəsi tarixə düşüb.
Belə ki, bu nəticə neftçalalıların tarixində ən böyük hesablı qələbədir. 2003-cü ildə “ANŞAD-Petrol” adı altında yaradılan komanda indiyədək 12 top fərqi ilə qalib gəlməmişdi. Neftçala təmsilçisi bunadək ən fərqli qələbəsini 2013/14 mövsümündə, 2014-cü il fevralın 15-də məhz “Energetik”lə matçda, amma evdə qazanıb – 8:0. Mingəçevir klubu 2013/14 mövsümündə daha ağır məğlubiyyət də alıb. 2014-cü il mayın 12-də “Energetik” səfərdə “Araz-Naxçıvan”dan 9 cavabsız qol buraxıb. “Neftçala” ilə oyun 2003-cü ildə yaradılan Mingəçevir klubunun da tarixində antirekord yenilgi olub.
Ümumiyyətlə, Azərbaycan futbolunda (Premyer Liqa, Azərbaycan kuboku, Superkubok, I divizion, əvəzedicilərin çempionatı) 12 və daha çox top fərqi sonuncu dəfə 12 il əvvəl qeydə alınıb. 2003/04 mövsümündə ölkə kubokunun “Lider Qarabağ”la səfər oyununda “Şəfa” 14:0 hesabı ilə qalib gəlib. 2003-cü il oktyabrın 19-da, 1/8 finalın ilk oyununda qeydə alınan nəticədən sonra “Energetik” – “Neftçala” oyununadək ən böyük fərq 10-a bərabər olub.
Şərhlər