Güləş tariximizin ilklərlə zəngin Las Veqas səhifəsi
14.09.2015 16:19 Sport reaksiya 2455
ABŞ-ın Las Veqas şəhərində təşkil olunan güləş üzrə dünya çempionatı tarixin yaddaşına qovuşdu. Rio De Janeyro yay Olimpiya Oyunlarına lisenziya xarakterli mundialda Azərbaycan yığma komandası ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandı.
18 mümkün lisenziyadan 11-ni əldə edən millilərimizin çıxışına ayrılıqda nəzər salaq.
Çempionata tam heyətlə yollanan klassiklərimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medal və 4 lisenziya ilə yadda qaldı
59 kiloqram çəki dərəcəsində 3 illik fasilədən sonra döşək üzərinə çıxan Rövşən Bayramov etimadı artıqlamasıyla doğrultdu. Hər kəsin ondan maksimum lisenziya gözlədiyi halda qızıl oğlan finaladək irəliləməyi bacardı. Bir-birinin ardınca Hindistan, Şimali Koreya, İran və Qırğızıstandan olan rəqiblərini məğlub edən Bayramov həlledici görüşdə gənc Kuba güləşçisi ilə bacarmadı. Bununla da 28 yaşlı pəhləvanımız ikinci dəfə mundialı gümüş mükafatla başa vurdu.
Rövşənin keçirdiyi görüşlər arasında iranlı beşqat dünya və olimpiya çempionu Həmid Sorianla 1/4 final qarşılaşmanı xüsusilə qeyd etmək lazımdır. O, bu qələbə ilə iki mötəbər turnirin - 2006-cı ildə Çində keçirilən dünya çempionatının və London yay Olimpiya Oyunlarının finalında yenildiyi rəqibindən kiçik revanş almış oldu.
Həsən Əliyev isə etimadı doğrultmadı. O, ilk görüşdə bu ilin martında komandalarası Dünya Kuboku turnirinin finalında yenməkdə çətinlik çəkmədiyi rusiyalı Artyom Surkova gərgin keçən mübarizədə minimal hesabla məğlub oldu. Rəqibinin sonrakı mərhələlərdə uduzması isə dünya çempionumuzun lisenziya və medal ümidini də puç etdi.
Rəsul Çunayev ili major notlarla bitirir. Finaladək keçirdiyi bütün görüşlərdə tam üstünlüklə qələbə qazanan 24 yaşlı pəhləvan həlledici qarşılaşmada erməni əsilli Ukrayna təmsilçisi Armen Vardanyana da seçim yeri qoymadı. Karyerasının ilk dünya çempionluğunu bayram edən Rəsulun çəkisi qeyri-olimpiya çəkisi olduğundan lisenziyasız qaldı.
Qeyd edək ki, o, yarışsonrası verdiyi açıqlamada 66 kiloqram çəki dərəcəsinə keçəcəyini bildirib. Bu çəkidə Əliyevin də yer aldığını nəzərə alsaq, iki dünya çempionu arasında gərgin daxili rəqabətin gedəcəyi şübhəsizdir.
Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev isə qarşısına qoyduğu minimum vəzifəni yerinə yetirdi. Keçirdiyi dörd görüşü qələbə ilə başa vuran təmsilçimiz yarımfinalda əzəli rəqibi rusiyalı olimpiya, dünya və Avropa çempionu Roman Vlasovla bacarmadı. O, bürünc medal qarşılaşmasında hakimlərin qeyri-obyektivliyi ilə üzləşərək, ötən il Daşkənddə qazandığı nəticəni təkrarlaya bilmədi.
Rafiq Hüseynovun isə püşk sarıdan bəxti gətirmədi. İlk görüşdəcə Rusiya təmsilçisi Yevgeni Saleyevlə qarşılaşan eks Avropa çempionumuz məğlubiyyətə üzüldü. Rəqibin 1/4 finalda Gürcüstan güləşçisinə uduzması isə Rafiqi bürünc medal şansından da məhrum etdi.
Maraq üçün qeyd edək ki, bu, cütlüyün il ərzində üçüncü dueli idi. Dünya Kubokunun finalında Rafiq güclü olmuşdusa, "Bakı-2015"-in həlledici görüşündə Rusiya pəhləvanı qələbəni bayram etmişdi.
Saman Təhmasibi isə gözlənilənlərin əksinə uğurlu çıxışla yadda qaldı. Avropa Oyunlarında uğursuz çıxış edən təmsilçimiz bunu qazandığı lisenziya və bürünc medalla unutdurdu.
Bu çəkidə perspektivli İslam Abbasovun da yer aldığını nəzərə alsaq, iranlı legionerin Rioda iştirakı barədə dəqiq fikir bildirmək tez olardı.
Həsəndən başqa çempionatın ilk gününün digər uğursuzu isə Orxan Nuriyev oldu. İlk görüşdə gözlənilmədən Yunanıstan təmsilçisinə uduzan gənc güləşçimiz lisenziya arzusunu növbəti yarışlara saxlamaq məcburiyyətində qaldı.
Sabah Şəriəti üçün 2015-ci ili karyerasının ən pik dövrü kimi xarakterizə etmək olar. "Bakı-2015"-in gümüş mükafatını qazanan ağır çəkili təmsilçimiz mundialda da minimum vəzifəni yerinə yetirdi. Olimpiadaya lisenziya əldə edən Şəriəti bununla da bir ilkə imza atdı. Belə ki, o, yunan Roma növünün ağır çəkisində olimpiadalar tarixində ilk təmsilçimiz olacaq.
Yığmamız komanda hesabında yalnız şimal qonşularımızı önə buraxaraq ikinci oldu. İlk üçlüyü isə 39 xalla Ukrayna millisi qapadı.
Dünya Kubokunu qazanan, Avropa Oyunlarında uğurlu çıxışla yadda qalan Cəmşid Xeyrəbadinin yetirmələri üçün ili çox uğurlu hesab etmək olar.
8 çəki dərəcəsinin yeddisində təmsil olunan qadınlardan ibarət sərbəst güləş millimiz 1 qızıl və 1 bürünc medalla komanda hesabında altıncı oldu.
Yığmamızın lideri Mariya Stadnik bu dəfə də layiq olduğu çempionluğun bir addımlığında dayandı. Həlledici görüşədək rəqiblərini döşəyə çıxmağa peşman edən dördqat Avropa çempionumuz ötən ilki mundialın qalibi Eri Tosakaya son saniyələrdə məğlub oldu. İkinci dünya çempionluğundan məhrum olan təmsilçimiz üçün bu məğlubiyyət bir növ dərs olmalı və üçüncü dəfə iştirak edəcəyi olimpiya oyunlarında qalibiyyətə təkan verməlidir. Texnikası ilə güləş həvəskarlarını heyran qoyan Stadniki Rioda zirvədə görəcəyimizə ümidlər böyükdür.
Anjela Doroqan üçün də 2015-i karyerasının pik dövrü kimi qələmə vermək olar. İlin birinci yarısında iki mötəbər turnirin qalibi olan təmsilçimiz lisenziya qazanmaqla növbəti dəfə etimadı doğrultdu. Yarımfinaladək irəliləyən Anjela dünya güləşinin canlı əfsanələrindən olan Saori Yoşida ilə bacarmadı.
Nataliya Şınışin ilk görüşdəcə çinli rəqibinə məğlub oldu.
Azərbaycan qadın güləşinin digər məşhur simalarından olan Yuliya Ratkeviç beşinci dəfə dünya çempionatının fəxri kürsüsünə qalxdı. 2009, 2010, 2013 və 2014-cü illərdə müvafiq olaraq qızıl, gümüş, bürünc və gümüş mükafat qazanan təmsilçimiz mundial kolleksiyasına ikinci bürüncü əlavə etdi. O, bununla yanaşı olimpiadaya lisenziyanı da təmin etdi.
İrina Netreba gözlənilənlərin əksinə medalsız qaldı. İlk iki görüşü qələbə ilə başa vuran ukrayna əsilli güləşçimiz 1/4 finalda həmvətəni Oksana Herhelə, bürünc medal qarşılaşmasında isə ev sahibi Evelin Ceynsə məğlub oldu.
Nadya Muşka(Sementsova) isə növbəti dəfə uğursuzluğa düçar oldu. İlk mərhələdən mundialla vidalaşan Avropa çempionunu çox güman növbəti lisenziya turnirlərində başqası əvəzləyəcək.
Bolqar legioner Elis Manolova ilk ciddi sınağından üzüağ çıxa bilmədi. Gənc güləşçinin mundial macərası Sementsova kimi bir görüşdən ibarət oldu.
Sonda Las Veqas döşəyi kişi sərbəst güləşçilərin ixtiyarına verildi.
Ciddi problemlər müşahidə olunan ən yüngül çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edirdi. İlk mərhədə təcrübəli Almaniya təmsilçisini yenməkdə çətinlik çəkməyən gənclər arasında dünya birinciliyinin qalibi 1/8 finalda Yaponiya güləşçisi ilə bacarmadı. Gərgin keçən görüş 5-3 hesabı ilə gündoğar ölkə təmsilçisinin üstünlüyü ilə başa çatdı.
İlk baxışdan təcrübəsiz olduğu, hazırlığının böyüklərin mübarizəsi üçün yetmədiyi nəzərə çarpan 18 yaşlı güləşçinin növbəti yarışlarda heyətə daxil edilməsi inandırıcı görünmür.
Hacı Əliyevi mundialın ən texnikalı üç güləşçisindən biri hesab etsək, yanılmarıq. Keçirdiyi bütün görüşlərdə yüksək hazırlıq nümayiş etdirən 24 yaşlı pəhləvanımız ikinci dəfə dünya çempionluğunu bayram etdi. Bununla da sərbəst güləş tariximizdə ilk müəyyənləşdirən Əliyev ümumilikdə Fərid Mansurovun rekorduna şərik oldu.
Qeyd edək ki, Rəsul kimi Hacının da mübarizə apardığı çəki dərəcəsi olimpiya oyunlarının proqramına daxil deyil. O, ya çəkisini 57 yə salmalı, ya da 65-ə qaldırmalıdır. Birincidə lisenziya qazanılmadığını nəzərə alsaq, orda qüvvəsini sınamaq daha məqsədəuyğun olardı. .
Toğrul Əsgərovun ona bəslənən ümidləri müəyyən qədər doğrultduğunu söyləmək olar. Beşinci olmaqla lisenziya qazanan olimpiya çempionumuz bir növ hakim haqsızlığının qurbanı oldu. Belə ki, 1/4 final görüşündə Avropa Oyunlarının finalında məğlub etdiyi İtaliya təmsilçisi Çamizonun kürəyini yerə vursa da, bu, qeydə alınmadı.
Ruslan Dibirhacıyev isə gözlənilməz çıxışla yadda qaldı. Avropa çempionumuz 1/8 finalda güləş aləmində tanınmayan Özbəkistan təmsilçisinə yenildi.
Dibirhacıyevlə yanaşı çempionatının digər uğursuzu Cəbrayıl Həsənov oldu. Təcrübəli güləşçimiz ilk görüşü asanlıqla keçsə də, növbəti mərhələdə ötən il Avropa çempionatının finalında məğlub olduğu rusiyalı Anuar Geduyevlə bacarmadı. Rəqibin yarımfinalda ev sahibi Barrioza uduzması ikiqat Avropa çempionun lisenziya və medal ümidinin də üstündə xətt çəkdi.
Ancaq Cəbrayılın təcrübəsi və fiziki hazırlığı qarşıdakı yarışlarda Rioya vəsiqə qazanacağına şübhə doğurmur.
Çempionatın ən xoş sürprizi kimi Məhəmmədhacı Xatiyevin adını çəkmək olar. Beynəlxalq yarışlarda nəzərəçarpacaq nailiyyətlə yadda qalmayan gənc pəhləvan gərgin rəqabətin mövcud olduğu 86 kiloqram çəki dərəcəsində yarımfinala kimi gəlməyi bacardı. Bu mərhələdə Türkiyə güləşçisi Səlim Yaşarla görüşün son saniyələrində üstünlüyü əldən verən təmsilçimiz zədələndiyi üçün bürünc medal qarşılaşmasına çıxa bilmədi.
Xatiyev beşinci olmaqla yığmamızın aktivinə növbəti lisenziyanı yazdı.
Xetaq Qazyumov mundialda qazandığı medalların sayını 5-ə çatdırdı. 1/4 finalda Əzəli rəqibi Abdusalam Qadisova məğlub olan osetin əsilli pəhləvanımız rəqibin finaladək irəliləməsi sayəsində bürünc medal uğrunda mübarizə aparmaq şansı qazandı. O, fürsəti fövtə verməyərək, əvvəlcə alman Kehreri, daha sonra isə Avropa çempionatının finalında yendiyi gürcü Elizbar Odikadzeni məğlub etdi. Bürünc medal və üçüncü dəfə olimpiadaya lisenziya qazanan Qazyumov yaşının çoxluğuna rəğmən, hələ də bizləri sevindirməkdə davam edir.
Cəmaləddin Məhəmmədov isə karyerasının ən böyük uğuru məhz Las Veqas mundialı ilə bağı oldu. Bir-birinin ardınca İran, Yaponiya, Monqolustan və Gürcüstandan olan rəqiblərini tam üstünlüklə məğlub edən 25 yaşlı pəhləvan həlledici görüşdə türkiyəli dünya və üçqat Avropa çempionu Taha Akgüllə bacarmadı. Mundialın gümüş medalını və olimpiadaya lisenziya əldə edən Cəmaləddin Azərbaycan güləşində tarixi ilkə imza atdı. Belə ki, bunadək hər hansı ağır çəkili güləşçimiz dünya çempionatının finalına vəsiqə qazanmamışdı.
Klassiklər kimi 1 qızıl, 1 gümüş və 1 bürünc medal və 4 lisenziya əldə edən sərbəst güləşçilərimiz 39 xalla komanda hesabında beşinci oldu.
Azərbaycan güləşçilərinin dünya çempionatındakı çıxışını qənaətbəxş hesab etmək olar. Ümumi hesabda Rusiya, ABŞ, Türkiyə və Yaponiyadan sonra beşinci olan yığmamız növbəti dəfə dünyanın ən yaxşılarından olduğunu sübut etdi.
Qeyd edək ki, bu, güləşçilərimizin London Olimpiadasından sonra qatıldığı mundiallarda ən yaxşı nəticəsidir. Budapeştdə qızıl medalsız qalan yığmamız ötən il Daşkənddə keçirilən turnirdə 1 qızıl, 3 gümüş və 3 bürünc medalla komanda hesabında altıncı olmuşdu.
Şərhlər