Futbol millimizi Osloda nə gözləyir?
12.06.2015 14:09 Sport reaksiya 2019
Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək Azərbaycan millisinin bu qarşılaşmadakı mümkün qazancı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Norveç yığması ilə Osloda baş tutacaq qarşılaşma komandamızın FİFA reytinqindəki mövqeyinə ciddi təsir göstərə bilər.
Hazırda əmsalı 272 xalla dünyanın 115-cisi olan millimiz Skandinaviyadan qalib dönsə, böyük sıçrayışa nail olacaq. Bu qələbə oyunluq əmsalda 1010 xalın qazanılmasına səbəb olacaq. Nəticədə 4 ilə əsasən toplanan xalımız 377-yə yüksələcək.
105 xallıq artım yığmamızın təxminən 25-30 pillə irəliləməsinə səbəb ola bilər. Çünki indiki reytinqdə 377 xala malik Kipr 87-ci pillədədi. Gələn ay da bu qədər xalın 9-cu “onluq” üçün yetərli olması inandırıcıdı.
Osloda heç-heçə qeydə alınsa, bir oyunluq əmsal 337-yə bərabər olacaq. Nəticədə reytinqimiz 30 xal artıb, 302-yə yüksələcək. Bu da 10 pilləyə yaxın inkişafla nəticələnə bilər. Hər halda, hazırda 302 xalı olacaq yığma 106-cı pilləyə sahib çıxardı.
Məğlubiyyət isə yalnız xal hesabımızı dəyişəcək. 8 xal itirib, reytinq xalı 264-ə düşən millimiz böyük ehtimalla indiki – 115-ci yerdə qalacaq.
Qeyd edək ki, bu gün keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Şərhlər