“Zəif oynadıq” - Norveçli futbolçuların etirafı

13.06.2015 13:26     Sport reaksiya     2212

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Osloda Norveçlə qarşılaşan Azərbaycan millisi səfərdən qolsuz bərabərliklə qayıdır. Apasport.az saytının məlumatına görə, qarşılaşma ilə bağlı fikirlərini bölüşən norveçli futbolçular nəticədən heç də məmnun görünmürlər.

 

Rəqibin futbolçuları zəif çıxış etdiklərini etiraf ediblər. Norveç millisinin 3 oyunçusunun fikirlərini təqdim edirik...

 

Per Çilyan Skyelbred (kapitan): "Təəssüf ki, qol vurmağı bacarmadıq. Əgər vaxtında hesabı aça bilsəydik, bunun davamı gələcəkdi və işimiz asanlaşacaqdı. Ancaq Azərbaycan yığması bizim bacarmadığımızı etdi. Qol vurmaq üçün çox cəhd etdik. Deməli, 2 xal itirən tərəf biz olduq. İnsanlar yığmadan döyüşkənlik tələb edirlər. Amma bu matçda zəif oynadıq və uğursuz nəticə göstərdik. Çox məyusuq. Ancaq ümidimizi itirmirik. Biz yeni səhifə açmaq, Norveç yığmasının əvvəlki əzəmətini qaytarmaq istəriyik”.

 

Tom Höqli (müdafiəçi): "İnsanlar stadiona bizdən qol görmək üçün gəlmişdilər. Amma bunu bacarmadıq. Etiraf etmək lazımdı ki, zəif oyun keçirdik. Qələbə qazanmaq üçün şanslarımız oldu. İlk hissədə imkanlardan yararlana bilmədik. Fikrimcə, 45 dəqiqəni burda itirdik. İkinci hissədə isə rəqib müdafiəyə çəkildi və bununla işimiz çətinləşdi. Artıq daha çox güc sərf etməli olduq. Azərbaycan yığması topu özündə saxlayıb, tempi aşağı salmağa çalışdı”.

 

Adama Diomande (hücumçu): "Heç yaxşı oyun keçirmədik. İstədiyimiz kimi hücumlar qurmadıq və bu, rəqibdə özünəinam yaratdı. Onlara boşluqlar verdik. Azərbaycan yığması topu özündə yaxşı saxlamağı bacardı. Düşünmürəm ki, bu nəticə rəqibi düzgün qiymətləndirməməyimizdən qaynaqlandı. Çünki matça məsuliyyətlə hazırlaşmışdıq”.

Şərhlər