Açılış mərasimində vacib mesajlar verildi - SORĞU
13.06.2015 14:19 Sport reaksiya 3841
Ötən gün Bakıda baş tutmuş I Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə istər ölkəmizdə, istərsə də başqa ölkələrdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Reaksiya.Az portalı olaraq, sosial şəbəkədə fəal olan bir neçə tanınmış jurnalist və ictimai xadimin münasibətini öyrəndik.
Azvision.Az saytının baş redaktoru Vüsal Məmmədov bildirdi ki, açılış mərasiminin təşkilindən və tədbirdəki səhnə quruluşundan razı qalıb: “Etiraf edək: vaxtilə hamımız müxtəlif olimpiadaların açılışına baxanda həsədlə düşünmüşük ki, görəsən, nə zamansa belə bir şey bizdə də ola bilərmi? Şəxsən mənim içimdən bu fikir çox keçib. O tədbirlərə uzaq nağıllar kimi baxmışıq. Dünənki açılış nağılın reallaşması, hər bir azərbaycanlının illərlə içində saxladığı arzuların maddiləşməsi idi. Bilirsiniz, insanlar gündəlik, adi yaşayış əsnasında öz dövlətlərinin necə güclənməsinin, inkişaf etməsinin fərqinə vara bilmirlər. Çünki baş məişət qayğılarına qarışır. Amma belə möhtəşəm tədbirlər olanda anlayırıq ki, dövlətimiz haradan hara gəlib. Və bunu görən tək biz deyilik”.
V.Məmmədov məsələnin siyasi tərəfinə və yarışlar ərəfəsində gündəmə gələn “boykot” məsələsinə də toxundu: “Belə absurd ittihamlar səsləndirilir ki, Oyunlar, açılış - bunların hamısı sadəcə, şoudur. Ona qalsa, hər şey şoudur: Amerikada prezident seçkisindən tutmuş, Milli Şuranın mitinqinə qədər. Məsələ o şounun niyyətində və möhtəşəmliyindədir. İlk Avropa Oyunları gözəl niyyət daşıyan möhtəşəm bir şoudur: heç kimi aldatmağa, gözdən pərdə asmağa, kimlərisə talamağa yönəlməyib ki! Dövlətin təbliğinə, sülh ideyalarının yayılmasına hesablanıb. Bunun nəyi pisdir ki?! Pisdirsə də, Azərbaycanı istəməyənlər üçün pisdir. Əvvəlcə dedilər ki, bu, olimpiada deyil. Halbuki, Açılış mərasimi göstərdi ki, bu, məhz Olimpiadadır. Sonra dedilər ki, boykot olunub. Amma 50 ölkənin hamısı yerində idi. Yəqin, birazdan deyəcəklər ki, Zevs əslində buğa yox, inək olub. Çünki nəyisə mütləq pisləmək üçün tapşırıq alan insanların marazmının həddi-hüdudu olmur”.
Jurnalist, siyasi şərhçi Elnur Eltürk qeyd edib ki, Avropa Oyunlarının açılışı mərasiminin yüksək səviyyədə təşkil edilməsi, bir daha ölkəmizin beynəlxalq yarışları təhlükəsiz və bütün beynəlxalq standartlara cavab verən şəkildə keçirtdiyini ortaya qoydu: “Hesab edirəm ki, dünən dünyanın diqqəti ölkəmizdə idi. Qürurverici səhnə yaşanırdı. Milli musiqimizin təbliğatı, Alim Qasımovun ifası, Natiq Şirinovun komandası tədbirə əlavə ruh verirdi. Yəni,oyunlarla bağlı çox danışmaq və yazmaq olar. Gələcək nəsillər bu tarixi günlə fəxr edəcəklər. Üstəlik,informasiya mübarizəsində düşmənlərimizə yaxşı cavab idi. Oyunlarının canlı izləyən kimi deyə bilərəm ki, yanımda olan xarici qonaqlar açılışın belə keçməsinə heyran idilər. Tədbirdə müasir və qədim Azərbaycan mədəniyyətinin nümayiş etdirilməsi, ölkəmizi öz dəyərlərinə necə sahib çıxdığını göstərirdi.
Onun fikrincə, üstəlik, tədbir Azərbaycanın beynəlxalq arenada siyasi çəkisini güclənməsinə səbəb oldu: “Neçə zaman idi ki,yarışların baykot edilməsi ilə bağlı təbliğat aparılırdı və bu təbliğatlar fiaskoya uğradı. Bu kimi tədbirlər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün əlavə stimul yaradır”.
Tanınmış hüquqşünas Mehman Muradlının fikrincə, tədbir zamanı bir sıra mesajların verilməsi onun diqqətini çəkib: “Avropa Oyunlarının açılış mərasimində Qarabağ qazisi İlham Zəkiyevin məhşəli arenaya gətirməsə qədər məni duyğulandıran ikinci məsələ olmadı. əslində bu mesaj ondan ibarət idi ki, biz Qarabağda yaralansaq da, ayaqdayıq və hər zaman ayaqda olacıq. İtirilmiş torpaqlarımızı azad etmək qüdrətində olacağıq. Avropada bəzi siyasətçilər boykot qərarı verməklə böyük yanlışlığa yol verdilər. Çox istədilər, bu tədbirin mahiyyətini azaltsınlar. Amma alınmadı. Həqiqətən 50 ölkədən 6 mindən çox idmanıçının Bakıya gəlməsi onu sübut etdi ki, həmin ölkələr bu yarışmada iştirakda maraqlıdılar”.
“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı vurğulayıb ki, bu kimi istənilən böyük tədbir, istənilən beynıəlxalq qələbə ölkənin tarixində qalır, hakimiyyətin yox: “Braziliya futbolçularının dünya şempionlunun bir neçəsi diktatorların vaxtına düşüb. Bu gün o diktatorun adını xatırlayan yoxdur, hamı Peledən, Qarrinçadan, Joarzinyodan danışır. Bu baxımdan belə böyük idman tədbirləri hpkumətdən çox, xalqın adınadır. Əgər hakimiyyətdə İlham Əliyev yox, İsa Qəmbər olsaydı, qürur duyanların və buna qarşı olanların səfi, cərgəsi dəyişəcəkdi. Ancaq mahiyyətcə söhbət hər iki halda Azərbaycanın mənafe və maraqlarından, eləcə də adından gedir. O tikilən stadionlar da, qurğular da, hətta mənimsənilən pullar da bu ölkədə qalacaq. Bunlar əvvəl-axır tikilməliydi. Başqa dövlətlərin nələri var, nələri”...
Jurnalist tədbir öncəsi bəzi Avropa siyasiləri tərəfindən aparılan “boykot” kampaniyasının hakimiyyətə yox, ölkəyə qarşı yönəldiyi fikrindədir: “Çəkilən xərclərin bir ildə, hətta beş ildə qayıtması mümkün deyil. amma o infrastrukturlardan 10 il, 20 il istifadə olunacaq. Siyasi boykot oldu. Amma bu Əliyevi boykot deyildi, məncə Azərbaycanı boykot idi. Sabah İlham Əliyevi yenə Yelisey sarayında qarşılayacaqlar, amma yenə də ermənilərin tərəfində olacaqlar”.
Jurnalist Rəfiqə Əlisəfa o fikirdədir ki, açılış fenomenal keçib: “Birinci hissə bir qədər standart görünsə də, ikinci hissə sözün əsl mənasında möhtəşəm idi. Milli musiqimizin, ədəbiyyatımızın, tarixi abidələrimizin nümayişi, yəqin ki, siyasi görüşündən asılı olmayaraq hər bir azərbaycanlıda fərəh hissi oyatdı. Avropalıların ayaqüstə bizim himnimizi dinləməsi, bütün dünya izləyicilərinə Azərbaycanın özünəməxsus mədəniyyət nümunələrini nümayiş etdirməyimiz xərclənən bütün pullara dəyər, məncə. Qobustan daşlarının təmsili nümayişi və “Odlar Yurdu”nun yerdə yaradılmış dekorasiya ilə təsviri isə inanılmaz idi. Həqiqətən bu nümayiş bizə izaholunmaz gözəl hislər yaşatdı”.
“Axar.Az” saytının baş redaktoru Anar Niftəliyev də tədbirin möhtəşəmliyindən qüürur duyanlar arasındadır: “Səmimi deyirəm: bu qədərini gözləmirdim. Çox yüksək səviyyədə hazırlanmışdı və milli koloritlə elə zənginləşdirilmişdi ki, qürur duymamaq mümkün deyildi”.
O, Avropa Oyunları ərəfəsində aparılan “ikili oyunlar”dan da danışdı: “Bunu Avropa Birliyi ölkələrinin ciddi səhv siyasi addımı sayıram. Boykotdan söhbət gedə bilməz - boykot edən Oyunlarda yüksək səviyyədə idmaçılarla təmsil olunmazdı. Avropa ailəsinin üzvü olduğunu göstərmək üçün bu hazırlıqlara böyük zəhmət sərf edən Azərbaycana qarşı bu oyunun səbibi çox müəmmalıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində yer alan və mühüm geostrateji mövqedə yerləşən ölkədir. Əlbəttə, bu münasibət istər-istəməz Azərbaycanın Avropa ilə əlaqələrinə təsir edəcək - nəzərə alsaq ki, Rusiya və Avrasiya İttifaqı ölkələri prezidentlər və baş nazir səviyyəsində təmsil olundu və Bakını dəstəklədi (burda Rusiya Prezidentinin 12 iyun - Rusiyanın müstəqillik günündə günorta saat 14:00-da qəbul keçirəndən sonra bəzi görüşlərini ertələyərək dərhal Bakıya uçması və Oyunların açılış mərasiminə qatılmasını xüsusi vurğulamaq lazımdır), onda fərqli mənzərənin meydana çıxdığını görə bilərik. Sanki Avropa heç bir səbəb olmadan, yalançı bəhanələrlə Azərbaycanı özündən uzaqlaşdırmaq istəyir. Təbii ki, Azərbaycan Avropaya "səni sevirəm, sən sevməsən də" deməyəcək. Bu isə gələcək siyasi strategiyada özünü göstərəcək. İnanmıram ki, Avropa bu qədərini hesablamamış olsun. Hesablayıblar və görünür, Azərbaycanı müstəqil siyasətdən məhrum etmək üçün bu yolu seçiblər. Bütün hallarda Avropanın bakını uduzmaq üçün bu qədər əldən-ayaqdan getməsini heç cür anlaya bilmirəm və ümid edirəm ki, ilk baxışda görünən bu tanlış siyasətin arxasında daha məntiqli, uğurlu nəsə dayanır. Ümid sonda ölür - biz də ümid edək”...
Tanınmış teleaparıcı Azər Qismət qeyd eidb ki, açılış mərasimində mədəniyyət baxımından Şərq ölkəsi olmağımız nümayiş etdirildi ki, bu da yaxşı əhətdir: “Siyasi baxımdan isə Avropanın təsir dairəsində olan bəzi dairələrin bu tədbirdən kənar qalması isə onu göstərdi ki, Azərbaycan diktəyə əməl etmək fikrində deyil, onları da bu qane etmir. Amma digər tərəfdən, Azərbaycan dünya olimpiadasına cığır açdı, mötəbər tədbirlərə iddia haqqı artmış oldu. Həm də səhnə quruluşundakı magik elementlər məndə dərin təəssürat oyatdı”.
Jurnalist Səxavət Məmməd də digər həmkarları kimi açılış mərasiminin effektinə heyrətləndiyini bildirib: “Dünənki tədbir açığı gözlədiyimdən əla keçdi. Açılış mərasimi çox mötəşəm və milli oldu. Azərbaycanın 24 yaşı olması ilə bağlı geri sayım, olimpiya məşəlinin yandırılması, Nizami Gəncəvinin əsərlərinin canlandırılması əla fikir idi və şəxsən bəyəndim. Avropa Oyunları ilk dəfə keçirilir, miqyasına görə Olimpiya oyunlarından kiçik olsa da açılış mərasimi heç də olimpiya oyunlarının açılış mərasimlərindən geri qalmadı, hətda daha yaxşı oldu”.
Rüfət
Reaksiya.Az
Şərhlər