Qızıl medal alan güləşçimiz danışdı - VİDEO
14.06.2015 00:19 Sport reaksiya 2437
“Ötən dünya çempionatına gedərkən bir ayın əsgəri idim. Hazırda isə hərbi xidməti başa vurmağıma bir ay qalıb. Qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də bir idmançı kimi qızıl medal qazandırdım. Cənab prezident başda olmaqla, bu qələbəmi Azərbaycan xalqına həsr edirəm”. APA TV-nin məlumatına görə, bu fikirləri yunan-Roma güləşi üzrə yığmamızın üzvü, qızıl medal qazanmış Rəsul Çunayev deyib. Onun sözlərinə görə, macar güləşçi ilə görüş onun üçün revanş xarakteri daşıyıb: “Final görüşüm macar idmançı ilə idi. Macar idmançı ilə indiyə qədər 4 dəfə qarşılaşmışdım. İki dəfə mən qalib gəlmişdim, iki dəfə də o. Sonuncu dəfə məni Bakıda məğlub etmişdi. Bu, mənim üçün revanş oldu. Macar idmançıdan ilk hissədə 4 xal aldım və müdafiəyə çəkildim. Çünki yarış öncəsi xəstələnmişdim. Nəfəsim çatmırdı. Vətənimizdə qızıl medalı başqa ölkəyə göndərmək fikrində deyildim”. Çunayev qələbəsində əməyi olan hər kəsə öz təşəkkürünü çatdırıb: “Qələbəmdə əməyi olan bütün insanlara, başda dövlət başçısı İlham Əliyev olmaqla, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, “Neftçi” İdman Klubuna öz təşəkkürümü bildirirəm”.
Şərhlər