Bakı-2015: 2 güləşçimiz finalda - Yenilənir
14.06.2015 15:05 Sport reaksiya 2128
Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.
Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.
Yunan-Roma güləşi
66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0.
Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, bürünc medal uğrunda döyüşəcək.
75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2*:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2.
85 kq
Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb və rəqibini 8:0 hesabı ilə üstələyib. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla güləşib. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Manukyan finala yüksələ bilmədiyindən, Təhmasibi Oyunlara erkən vida edib.
130 kq
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb - 5:0.
Sabahın həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olacaq. Döyüş 20:17-də başlayacaq.
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.
Şərhlər